
Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan əlamətdar günlərdən biri də 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Bu əlamətdar tarix ölkəmizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün keşiyində duran şanlı Azərbaycan Ordusunun yaranmasının ildönümü kimi qeyd olunur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il iyunun 26-da ilk milli hərbi hissənin yaradılması barədə qərar qəbul edilmişdir. Məhz bu tarixi hadisə Azərbaycanın milli ordu quruculuğunun əsasını qoymuşdur. Sonralar Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə 26 İyun rəsmi olaraq Silahlı Qüvvələr Günü elan edilmişdir.
Müstəqilliyimizin ilk illərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət ordu quruculuğuna da öz təsirini göstərirdi. Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, hərbi quruculuq istiqamətində də mühüm islahatlar həyata keçirildi. Peşəkar, intizamlı və döyüş qabiliyyətli ordunun formalaşdırılması üçün genişmiqyaslı tədbirlər görüldü, maddi-texniki baza möhkəmləndirildi, hərbi təhsil sistemi inkişaf etdirildi.
Bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer almaqdadır. Müasir silah və texnika ilə təchiz olunan ordumuz yüksək peşəkarlığı, döyüş hazırlığı və vətənpərvərliyi ilə seçilir. Hərbçilərimizin xidmət şəraitinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycan Ordusunun qüdrəti xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu şanlı Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi qələbə xalqımızın milli birlik və həmrəyliyinin, ordumuzun gücünün və peşəkarlığının parlaq təzahürü oldu.
2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin edildi. Bu uğurlar Azərbaycan Ordusunun daim inkişaf etdiyini, qarşıya qoyulan bütün vəzifələri yüksək səviyyədə yerinə yetirməyə qadir olduğunu bir daha sübut etdi.
Bu gün Azərbaycan əsgəri və zabiti xalqımızın qürur mənbəyidir. Onların Vətənə sədaqəti, dövlətə və xalqa bağlılığı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Ordumuzun sıralarında xidmət etmək hər bir Azərbaycan gənci üçün böyük şərəf və məsuliyyətdir.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, veteranlarımızı və şəhid ailələrini dərin ehtiramla təbrik edir, müqəddəs Vətənimizin keşiyində duran bütün qəhrəmanlarımıza möhkəm can sağlığı, şərəfli xidmətlərində uğurlar arzulayırıq. Qoy Azərbaycan Ordusu daim qüdrətli olsun, üçrəngli bayrağımız əbədi olaraq yüksəklərdə dalğalansın!
Yaşasın Azərbaycan Ordusu! Yaşasın müstəqil Azərbaycan!
Ariz Məmmədov,
YAP Xətai rayon təşkilatnın fəalı



