AnalitikaGündəmSiyasət

20 Oktyabr – Zəngilanın azadlıq salnaməsi

20 Oktyabr Azərbaycan xalqının yaddaşına qürur, sevinc və tarixi ədalətin təntənəsi kimi həkk olunmuş əlamətdar günlərdən biridir. Bu tarix Zəngilan şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi xalqımızın milli qürurunu, dövlətimizin qüdrətini və Vətənə bağlılığını özündə əks etdirir. Zəngilan şəhəri günü Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin, xalqımızın sarsılmaz iradəsinin və qəhrəman Azərbaycan Ordusunun rəşadətinin parlaq təcəssümüdür.

2020-ci il oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad etdi. Bu tarixi hadisə Vətən müharibəsində əldə olunan mühüm hərbi-strateji uğurlardan biri olmaqla yanaşı, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası istiqamətində atılmış əhəmiyyətli addım idi. Zəngilanın azad edilməsi xalqımızın uzun illər davam edən həsrətinə son qoyulacağına, doğma torpaqlarımızda yeni həyatın başlanacağına inamı daha da gücləndirdi.

Zəngilanın azadlığı şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və əsgər-zabitlərimizin misilsiz qəhrəmanlığı hesabına əldə edilmiş böyük Zəfərin mühüm səhifəsidir. Bu qələbə bir daha sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarına sahib çıxmaq əzmindədir və milli birliyimiz qarşısında heç bir maneə dayana bilməz. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün örnək olacaqdır.

Bu gün Zəngilan şəhərində və rayonun digər ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdış strategiyasının mühüm tərkib hissəsidir. Müasir infrastrukturun yaradılması, yolların və yaşayış məntəqələrinin yenidən qurulması, sosial obyektlərin inşası, iqtisadi potensialın inkişaf etdirilməsi Zəngilanın gələcəyinə hesablanmış mühüm addımlardır. Məqsəd doğma yurdlarından didərgin düşmüş sakinlərin təhlükəsiz və layiqli şəkildə öz torpaqlarına qayıtmalarını təmin etmək, bölgədə dayanıqlı yaşayış və iqtisadi inkişaf üçün əlverişli şərait yaratmaqdır.

Zəngilanın inkişafında Ağalı kəndində həyata keçirilən müasir yaşayış və quruculuq layihələri də xüsusi əhəmiyyət daşıyır. Ağıllı kənd konsepsiyası əsasında qurulan Ağalı müasir texnologiyaların, innovativ yanaşmaların və dayanıqlı inkişaf prinsiplərinin tətbiqinin nümunəsidir. Bu layihələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yalnız dağıntıları aradan qaldırmadığını, eyni zamanda müasir və firavan həyat qurduğunu nümayiş etdirir.

Zəngilanın strateji coğrafi mövqeyi də onun gələcək inkişafında mühüm rol oynayır. Rayonun nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi, beynəlxalq və regional əlaqələrin inkişafı, istehsal və xidmət sahələrinin yaradılması Azərbaycanın iqtisadi potensialının gücləndirilməsinə xidmət edir. Zəngilanın nəqliyyat və logistika imkanlarının inkişafı regionda əməkdaşlığın genişlənməsinə, yeni iqtisadi əlaqələrin formalaşmasına və bölgənin tranzit əhəmiyyətinin artmasına töhfə verir.

20 Oktyabr – Zəngilan şəhəri günü həm də milli həmrəyliyimizin, dövlət-xalq birliyinin və gələcəyə inamımızın ifadəsidir. Bu əlamətdar tarix bizə bir daha xatırladır ki, Azərbaycanın qazandığı tarixi qələbələr möhkəm iradənin, düzgün müəyyən edilmiş strateji hədəflərin və milli birliyin nəticəsidir. Bu gün azad edilmiş torpaqlarımızda aparılan quruculuq işləri, həyata keçirilən layihələr və doğma yurda qayıdan insanların sevinci Zəfərimizin davam edən təntənəsidir.

Zəngilan şəhəri günü münasibətilə hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi baş qaldırır. Bu tarix yalnız keçmişdə qazanılmış qələbənin xatırlanması deyil, həm də gələcək nəsillərə ötürülən milli yaddaş, Vətən sevgisi və azadlıq iradəsidir. Zəngilan yenidən qurulur, dirçəlir və Azərbaycanın inkişaf edən bölgələrindən birinə çevrilir.

Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button