
Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan Zəngilan şəhərinin işğaldan azad edilməsi xalqımızın iradəsinin, Müzəffər Ordumuzun gücünün və dövlətimizin qətiyyətli siyasətinin təntənəsidir. 20 oktyabr Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Bu tarix yalnız bir şəhərin azadlığı deyil, həm də doğma yurda qayıdışın, milli yaddaşın bərpasının və yeni həyatın başlanğıcının rəmzidir.
Zəngilan qədim tarixi, zəngin mədəni irsi və milli-mənəvi dəyərləri ilə seçilən yurd yerlərimizdəndir. Rayonun ərazisində yerləşən tarixi və dini abidələr xalqımızın əsrlər boyu formalaşmış mədəniyyətinin, inancının və memarlıq ənənələrinin mühüm nümunələridir. XVII əsrə aid İmam Hüseyn məscidi, Malatkeşin, Qırıq Muşlan, Muşlan və Rəzdərə kəndlərindəki XIX əsr məscidləri, Xanazor və Yeməzli kəndlərində yerləşən Alban kilsələri Zəngilanın tarixi-mədəni irsinin ayrılmaz hissəsidir.
Erməni işğalı dövründə Zəngilanın tarixi və dini abidələri də vandalizmə məruz qalmış, bir sıra mədəni irsi nümunələri dağıdılmış və ya ciddi zədələnmişdir. Bu dağıntılar təkcə memarlıq abidələrinə deyil, həm də xalqımızın tarixi yaddaşına və mədəni irsinə qarşı törədilmiş əməllərdir. Bu gün Zəngilanda həyata keçirilən bərpa və quruculuq işləri doğma torpaqlarımızın tarixi simasının yenidən canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Zəngilanın azad edilməsi Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ oldu. Şəhərin işğaldan azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin işğal altında qalan hissəsi üzərində nəzarət tam bərpa edildi. Bu hadisə ölkəmizin sərhəd təhlükəsizliyi və regional mövqeyi baxımından tarixi əhəmiyyət daşıyırdı.
Bu gün Zəngilan işğalın ağır nəticələrindən xilas olaraq müasir inkişaf modelinə uyğun yenidən qurulur. Rayonun Ağalı kəndində yaradılan ilk “ağıllı kənd” layihəsi Böyük Qayıdışın uğurlu nümunələrindən biridir. Müasir infrastruktur, rəqəmsal həllər, enerji səmərəliliyi və sakinlərin rahat yaşayışı üçün yaradılan şərait Ağalını azad edilmiş ərazilərdə yeni həyatın rəmzinə çevirib. Burada insanların doğma torpaqlarına qayıtması yalnız evlərin deyil, bütöv yaşayış mühitinin bərpası deməkdir.
Zəngilanın gələcək inkişafında turizm də mühüm istiqamətlərdən biridir. Rayonun zəngin təbiəti, meşələri, çayları, tarixi abidələri və əlverişli coğrafi mövqeyi turizmin müxtəlif sahələrinin inkişafı üçün geniş imkanlar yaradır. Yeni infrastruktur layihələri, müasir istirahət məkanları və nəqliyyat imkanlarının genişləndirilməsi Zəngilanın gələcəkdə ölkəmizin mühüm turizm mərkəzlərindən birinə çevrilməsi üçün zəmin yaradır.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin azad edilmiş Zəngilana səfərləri rayonun dirçəlişinə verilən xüsusi önəmin göstəricisidir. 28 sentyabr 2023-cü ildə dövlətimizin başçısının iştirakı ilə Alıbəyli və Zəngilan kəndlərinin, eləcə də Zəngilan şəhərində bir sıra yaşayış komplekslərinin təməli qoyulmuş, Zəngilan Konqres Mərkəzi Kompleksinin və “AzərEnerji” ASC-nin Cahangirbəyli Su Elektrik Stansiyasının açılışları keçirilmişdir. Həmin gün şəhərdə məktəbəqədər təhsil və yaşayış infrastrukturu ilə bağlı layihələrə də xüsusi diqqət yetirilmiş, Zəngilan şəhər məscidində görülən işlərlə tanışlıq olmuşdur. Sentyabrın 29-da isə Prezident İlham Əliyev 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak etmişdir.
18 may 2024-cü il tarixində Prezident İlham Əliyevin Zəngilana növbəti səfəri çərçivəsində Ağalı kəndində “Ağalı” hotelinin açılışı keçirilmiş, Mincivan qəsəbəsinin təməli qoyulmuş, “AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” su elektrik stansiyaları istifadəyə verilmişdir. Həmin gün Zəngilan şəhər məscidinin açılışı və şəhərin daxili yol-kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimi də rayonun bərpası tarixində əlamətdar hadisələr olmuşdur.
Bütün bu layihələr Zəngilanın yalnız yenidən qurulmadığını, eyni zamanda gələcəyə hesablanmış müasir inkişaf yoluna qədəm qoyduğunu göstərir. Burada yeni yaşayış məntəqələri salınır, enerji infrastrukturu genişləndirilir, yollar çəkilir, sosial və iqtisadi həyatın canlandırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Zəngilanın siması dəyişdikcə doğma yurda qayıdış arzusu gerçəyə çevrilir, illərlə həsrətlə gözlənilən torpaqlarda həyat yenidən canlanır.
Zəngilanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Bu gün əldə etdiyimiz qələbəyə görə şəhidlərimizə, qazilərimizə və rəşadətli Azərbaycan Ordusuna borcluyuq. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər uzun illər işğal altında qalmış torpaqlarımızın azad edilməsinə və Böyük Qayıdış prosesinin başlanmasına yol açdı. Şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı və əsgər-zabitlərimizin şücaəti bu gün Zəngilanda ucalan hər yeni binada, salınan hər yolda və doğma yurduna qayıdan hər ailənin sevincində yaşayır.
20 Oktyabr – Zəngilan Şəhəri Günü xalqımızın birliyinin, milli iradəsinin və sarsılmaz qələbə əzminin təcəssümüdür. Zəngilan bu gün keçmişin ağrılarını geridə qoyaraq gələcəyə inamla addımlayır. Tarixi irsimizin qorunması, doğma torpaqlarımızın bərpası və sakinlərin öz yurdlarında firavan yaşaması Azərbaycanın Böyük Qayıdış strategiyasının əsas məqsədlərindəndir.
Zəngilan yenidən doğulur, yenidən qurulur və öz əzəli sakinlərini qoynuna alır. Bu torpaqlarda dalğalanan üçrəngli Azərbaycan Bayrağı isə müstəqilliyimizin, suverenliyimizin və tarixi Zəfərimizin əbədi rəmzidir.
20 Oktyabr – Zəngilan Şəhəri Günümüz mübarək!
Hökmalı Mirzəyev,
YAP Hacıqabul rayon təşkilatının sədr müavini



