AnalitikaGündəmSiyasət

20 – Noyabr Ağdamın dirçəliş və qürur günü

Bir vaxtlar dünyanın “Qafqazın Xirosiması” kimi acı təəssüflə adlandırdığı Ağdam bu gün bəşər tarixində misli görünməmiş quruculuq salnaməsinin ünvanına çevrilib. 2020-ci il noyabrın 20-də rayonun işğaldan azad edilmiş ərazilərinin Azərbaycana təhvil verilməsi ilə başlanan yeni dövr bu qədim yurdun taleyini kökündən dəyişib. Otuz ilə yaxın düşmən tapdağı altında qalan, daşı daş üstündə saxlanılmayan bu şəhər bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və xalqımızın quruculuq əzmi sayəsində Qarabağın əsas sənaye və mədəniyyət mərkəzlərindən biri kimi yenidən doğulur.

Bu gün Ağdamda həyata keçirilən proseslər sadəcə bərpa işləri deyil, sıfırdan müasir şəhər modelinin yaradılmasıdır. Dövlət başçısının son beş ildə bu diyara 20-yə yaxın səfər etməsi, hər səfərin yeni obyektlərin təməlinin qoyulması və ya istifadəyə verilməsi ilə yadda qalması Ağdamın dirçəlişinə verilən strateji önəmin bariz göstəricisidir.

Artıq qısa müddət ərzində şəhərin əsas infrastruktur dayaqları formalaşdırılıb. Ağdam–Bərdə avtomobil yolu, Dəmiryol Vağzalı və Avtovağzal Kompleksi, Xaçınçay su anbarı bölgənin nəqliyyat və təsərrüfat həyatının yenidən canlanmasına mühüm töhfə verir. Sumqayıt Sənaye Parkından sonra ölkənin ikinci böyük sənaye mərkəzi olan Ağdam Sənaye Parkının fəaliyyətə başlaması, burada “Tabaterra” MMC-nin tütün məmulatları istehsalı müəssisəsi kimi müasir fabriklərin işə düşməsi şəhərin gələcək iqtisadi potensialını gücləndirir.

Lakin Ağdamın əsl dirçəlişi onun mənəvi ruhunun və mədəni irsinin bərpası ilə tamamlanır. İşğal illərində vandalizmə məruz qalan, hətta mal-qara tövləsi kimi istifadə edilən müqəddəs məkanlarımız – Ağdam Cümə məscidi və Qiyaslı kənd məscidi bu gün bərpa olunaraq yenidən öz dini-mənəvi missiyasına qovuşub. Qarabağ xanlığının yadigarı olan “İmarət” Kompleksinin bərpası, dünyanın ən böyük Muğam Mərkəzinin inşası və şəhərin nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Ağdamın əvvəlki şöhrətini daha yüksək zirvəyə daşıdığını göstərir.

Bütün bu nəhəng quruculuq işlərinin mərkəzində isə doğma yurduna qayıdan Azərbaycan vətəndaşı dayanır. 2021-ci ilin mayında təməli qoyulan ilk yaşayış binalarından sonra Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində məskunlaşma prosesi geniş vüsət alıb. Bu gün Ağdam rayonunda 944 ailə – 3 min 818 nəfər sakin öz doğma yurdunda yaşayır. Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub, Eyvazxanbəyli və Baş Qərvənd kəndlərində isə tikinti işləri sürətlə davam etdirilir.

Şəhərdə 960 şagird yerlik 1 nömrəli tam orta məktəbin və 160 yerlik körpələr evi-uşaq bağçasının fəaliyyətə başlaması Ağdamın küçələrinə gələcəyin ən gözəl sədasını – uşaq gülüşlərini qaytarıb.

Qarşıdakı hədəflər isə daha möhtəşəmdir. 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 minə yaxın əhalinin köçürülməsi, 2040-cı ilədək Baş plana uyğun olaraq şəhər əhalisinin 100 min nəfərə çatdırılması nəzərdə tutulur. Bu rəqəmlər Ağdamın təkcə Qarabağın deyil, bütövlükdə regionun ən böyük və müasir şəhərlərindən birinə çevriləcəyindən xəbər verir.

Prezident İlham Əliyevin vaxtilə qətiyyətlə bəyan etdiyi “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” vədi bu gün reallığa çevrilir.

20 Noyabr – Ağdam Şəhəri Günü tarixi ədalətin bərpasının, dövlət iradəsinin və xalqımızın sarsılmaz birliyinin təcəssümüdür. Bu gün küllərindən yenidən doğulan Ağdamın dirçəlişinin, quruculuğunun və gələcəyə inamının təntənəsidir.

Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button