AnalitikaGündəmSiyasət

Bu Zəfər tariximizin ən parlaq səhifəsidir

8 Noyabr Azərbaycan tarixinin ən şanlı və unudulmaz günlərindən biridir. Bu gün xalqımızın milli iradəsinin, birliyinin, həmrəyliyinin və qəhrəmanlığının təntənəsidir. Zəfər Günü 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi kimi hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının torpaq sevgisini, əzmini və mübarizə ruhunu bütün dünyaya nümayiş etdirdi. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Döyüş meydanında nümayiş etdirilən şücaət və peşəkarlıq xalqımızın uzun illər həsrətlə gözlədiyi Zəfəri gerçəkləşdirdi.

8 Noyabr tariximizin qızıl səhifəsinə çevrildi. Həmin gün Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Şuşanın azadlığı Azərbaycanın hərbi, siyasi və mənəvi üstünlüyünün parlaq göstəricisi oldu. Bu Qələbə xalqımızın sarsılmaz iradəsini və torpaqlarımıza bağlılığını bir daha sübut etdi.

Bu möhtəşəm Zəfərin arxasında minlərlə igid Azərbaycan övladının qəhrəmanlığı, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı dayanır. Onların Vətən uğrunda göstərdikləri fədakarlıq heç zaman unudulmayacaq. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, qazilərimizə ehtiram göstərmək hər birimizin mənəvi borcudur.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağda və Şərqi Zəngəzurda yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri tikilir, doğma yurdlarından didərgin düşmüş soydaşlarımız öz torpaqlarına qayıdırlar. Bu proses Zəfərimizin yalnız hərbi deyil, həm də quruculuq və inkişaf mərhələsinin davam etdiyini göstərir.

8 Noyabr – Zəfər Günü bizə bir daha xatırladır ki, birlik olan yerdə güc, Vətən sevgisi olan yerdə qələbə var. Bu şanlı tarix gələcək nəsillərə vətənpərvərlik, milli birlik və dövlətə sədaqət nümunəsi olacaq.

Səbinə İsgəndərli,    
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button