AnalitikaGündəmSiyasət

Konstitusiyamız suverenliyin və hüququn təminatçısıdır

Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan 12 Noyabr – Konstitusiya Günü ölkəmizin hüquqi və demokratik inkişaf yolunu, milli dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə əks etdirən əlamətdar gündür. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin siyasi, hüquqi və iqtisadi quruluşunun əsaslarını müəyyənləşdirməklə yanaşı, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinin, cəmiyyətin inkişafının və dövlət idarəçiliyinin fundamental hüquqi bazasını təşkil edir.
Azərbaycanın müasir Konstitusiyasının qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə sıx bağlıdır. Müstəqilliyin ilk illərində ölkədə mövcud olan mürəkkəb siyasi vəziyyət, dövlət idarəçiliyindəki böhran və hüquqi nizamsızlıq yeni Konstitusiyanın hazırlanmasını zəruri edirdi. Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasları formalaşdırıldı.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu tarixi hadisə ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində yeni mərhələyə qədəm qoymasını təmin etdi.
Ulu Öndər Heydər Əliyev Konstitusiyanın hazırlanması və qəbulunu müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində ən mühüm tarixi addımlardan biri hesab edirdi. Onun rəhbərliyi ilə hazırlanmış Əsas Qanun ümumbəşəri dəyərlərə, milli ənənələrə, insan hüquq və azadlıqlarına, demokratik prinsiplərə əsaslanırdı.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Konstitusiyanın dövlət və cəmiyyət həyatındakı əhəmiyyətini daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət quruculuğu, demokratik institutların inkişafı, insan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir.
Azərbaycanın konstitusiya tarixində 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyasının qəbul edilməsi də mühüm mərhələ olmuşdur. Lakin müstəqilliyimizin bərpasından sonra ölkənin yeni siyasi və hüquqi reallıqlarına uyğun, suveren dövlətin əsaslarını müəyyən edən Konstitusiyanın hazırlanması tarixi zərurətə çevrildi. 1995-ci ildə qəbul edilən Əsas Qanun məhz bu zərurətdən irəli gələrək müstəqil Azərbaycanın dövlətçilik maraqlarına xidmət edən mühüm sənədə çevrildi.
Bu gün Azərbaycan Respublikası Konstitusiyada müəyyən edilmiş prinsiplərə əsaslanaraq müasir və güclü dövlət kimi inkişaf edir. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə suverenliyimizin tam bərpası ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycanın bütün ərazilərində konstitusiya quruluşunun və dövlət suverenliyinin təmin edilməsi milli dövlətçilik tariximizin mühüm nailiyyətlərindəndir.
2025-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 ili tamam oldu. Bu yubiley müstəqil dövlət quruculuğu tariximizə nəzər salmaq, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini bir daha qiymətləndirmək və ölkəmizin hüquqi inkişaf yolunda əldə etdiyi nailiyyətləri təhlil etmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Nəticə etibarilə, Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin, suverenliyimizin, milli dövlətçiliyimizin və hüquqi inkişafımızın əsas təminatıdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Konstitusiyaya hörmət, qanunun aliliyinə riayət və milli dövlətçilik dəyərlərinin qorunması hər bir Azərbaycan vətəndaşının mühüm vəzifəsidir.

Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button