AnalitikaGündəmSiyasət

8 noyabr – Şuşa Şəhəri Günü

Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin günlər yalnız təqvimdə bir tarix deyil, milli qürurun, birliyin, qəhrəmanlığın və tarixi ədalətin təntənəsinə çevrilir. 8 Noyabr – Şuşa Şəhəri Günü də xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış belə əlamətdar günlərdəndir. Bu tarix 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbənin, milli iradənin və sarsılmaz vətənpərvərliyin rəmzidir.

Şuşa Azərbaycan xalqı üçün sadəcə bir şəhər deyil. O, milli mədəniyyətimizin, ədəbiyyatımızın, musiqimizin, tarixi yaddaşımızın və mənəvi dəyərlərimizin beşiyidir. Qarabağın tacı adlandırılan bu qədim şəhər əsrlər boyu Azərbaycan mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş, xalqımızın zəngin irsinin formalaşmasında mühüm rol oynamışdır. Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün və neçə-neçə sənətkarın adı Şuşanın adı ilə qoşa çəkilir. Buna görə də Şuşanın azad edilməsi hər bir azərbaycanlı üçün təkcə hərbi uğur deyil, həm də milli-mənəvi qayıdış idi.

2020-ci il noyabrın 8-də xalqın inamı möhtəşəm Zəfərlə gerçəyə çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək Şuşanı işğaldan azad etdi. Sıldırım qayaları, çətin relyefi və strateji mövqeyi ilə alınmaz qala hesab edilən şəhərin azadlığı hərb tariximizə qızıl hərflərlə yazıldı.

 

Həmin gün Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan tarixi bir müraciət səsləndi. Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində böyük fəxarət və qürur hissi ilə bəyan etdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Bu sözlər sadəcə bir qələbə xəbərinin ifadəsi deyildi. Bu, illərlə doğma yurd həsrəti ilə yaşayan insanların qəlbinə məlhəm olan, şəhidlərimizin ruhunu şad edən, Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirən tarixi bəyanat idi.

 

Dövlət başçısının Şuşanın azadlığına verdiyi tarixi qiymət onun Vətən müharibəsi dövründə səsləndirdiyi fikirlərdə də öz əksini tapmışdı. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdı ki, Şuşasız qələbəmiz yarımçıq olardı. Çünki Şuşa təkcə strateji əhəmiyyətə malik şəhər deyil, Azərbaycan xalqının ürəyi, canı, milli-mənəvi varlığının ayrılmaz parçasıdır. Bu fikirlər 2022-ci il noyabrın 8-də Şuşada Zəfər Günü münasibətilə keçirilən tədbirdə dövlət başçısının çıxışında bir daha xüsusi vurğulandı. Prezident Şuşanın azad edilməsi əməliyyatını Azərbaycan hərbçilərinin misilsiz qəhrəmanlıq nümunəsi kimi dəyərləndirdi.

 

Şuşanın azad edilməsindən sonra Prezident İlham Əliyevin şəhərə səfərləri xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. Dövlət başçısının 2021-ci il yanvarın 14-də Şuşaya ilk səfəri xalqımızın yaddaşında unudulmaz hadisə kimi qaldı. Həmin səfər zamanı Şuşada Azərbaycan bayrağı ucaldıldı, hərbçilərlə görüş keçirildi, tarixi və mədəni abidələrə baxış oldu. Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın büstlərinin yenidən öz doğma şəhərlərinə qaytarılması isə xüsusi rəmzi məna daşıyırdı. Sanki Şuşanın mədəni ruhu, sənət yaddaşı yenidən öz sahibinə qovuşurdu.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button