
8 Noyabr – Azərbaycanın müasir tarixinə ən şanlı, ən qürurverici səhifə kimi yazılmış Zəfər Günüdür. Bu gün otuz ilə yaxın davam edən torpaq həsrətinə, ədalətsizliyə və qeyri-müəyyənliyə son qoyulan, milli ləyaqətimizin və mənəvi bütövlüyümüzün bərpa olunduğu tarixi bir anı ifadə edir. 2020-ci ilin payızında başlanan 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, xalqımızın birliyi və Azərbaycan Ordusunun sarsılmaz şücaəti sayəsində parlaq Qələbə ilə başa çatdı. Döyüş meydanında yazılan bu tarix hər bir azərbaycanlının qəlbində silinməz izlər buraxdı və bizi vahid ideya – Vətən sevgisi ətrafında sıx birləşdirdi. Zəfər Günü sadəcə hərbi uğur deyil, həm də minlərlə şəhidimizin qanı və qazilərimizin fədakarlığı bahasına qazanılmış müqəddəs bir əmanətdir. İllərlə işğal altında qalan, dağıdılan, viran qoyulan kəndlərimiz və şəhərlərimiz bu Qələbədən sonra yenidən dirçəlməyə, həyata qayıtmağa başladı. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, soydaşlarımızın öz doğma yurdlarına qayıdışı Zəfərimizin reallığa çevrilən ən böyük bəhrəsidir. Biz gənclər və tələbələr olaraq bu böyük Zəfərin məsuliyyətini dərk etməli, şəhidlərimizin xatirəsini hər zaman uca tutmalı, təhsilimiz və əməyimizlə güclü Azərbaycanın gələcəyinə töhfə verməliyik.
Yaqut Əhmədli,
YAP Yasamal rayon təşkilatının fəal gənci


