AnalitikaGündəmSiyasət

Şuşanın dirçəlişi – Zəfərdən Böyük Qayıdışa və beynəlxalq nüfuza doğru

Şuşa Azərbaycan xalqının çoxəsrlik tarixində, milli-mənəvi yaddaşında və dövlətçilik ənənələrində xüsusi yer tutan müqəddəs şəhərlərimizdən biridir. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi kimi tanınan bu qədim şəhər əsrlər boyu xalqımızın ədəbiyyatına, musiqisinə, incəsənətinə və ictimai fikir tarixinə misilsiz töhfələr verib. Şuşa yalnız öz tarixi abidələri, füsunkar təbiəti və zəngin mədəni irsi ilə deyil, həm də milli kimliyimizin, torpağa bağlılığımızın və azadlıq mübarizəmizin rəmzi kimi böyük əhəmiyyət daşıyır. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində Şuşanın işğaldan azad edilməsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu qələbə hərbi-strateji əhəmiyyətindən əlavə, xalqımızın mənəvi gücünün, milli iradəsinin və dövlətimizin qüdrətinin təntənəsinə çevrildi. Şuşanın azadlığı ilə qarşıda şəhərin əvvəlki şöhrətinin qaytarılması, dağıdılmış infrastrukturunun bərpası, tarixi-mədəni irsinin qorunması və yenidən həyatla canlandırılması kimi mühüm vəzifələr dayandı.

Prezident İlham Əliyevin Şuşaya ardıcıl səfərləri, şəhərin inkişafı ilə bağlı verdiyi tapşırıqlar, beynəlxalq tədbirlərin məhz burada keçirilməsi və müxtəlif dövlətlərin rəhbərlərinin Şuşada qarşılanması bu qədim şəhərin Azərbaycanın müasir siyasi, iqtisadi və mədəni həyatında tutduğu mövqeyi daha da möhkəmləndirdi. Dövlət başçısının 2021-ci il yanvarın 14-də Şuşaya ilk səfəri azad edilmiş şəhərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Həmin səfər zamanı Şuşada Azərbaycan bayrağının ucaldılması, tarixi məkanlara baxış keçirilməsi, işğal dövründə törədilmiş dağıntılarla tanışlıq şəhərin bərpası prosesinin başlanğıcını simvolizə edirdi. Saatlı, Aşağı və Yuxarı Gövhər Ağa məscidlərinin, Cıdır düzünün, Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin vəziyyəti ilə tanışlıq tarixi irsin qorunmasının dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu göstərirdi. Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərinin Şuşaya qaytarılması isə milli-mədəni dəyərlərimizə sahib çıxmağın rəmzinə çevrildi.
Prezidentin 2021-ci il mart ayında şəhərə növbəti səfəri zamanı bərpa və yenidənqurma işlərinin istiqamətləri müəyyənləşdirildi, tarixi karvansaray, Şuşa Rəsm Qalereyası, Xalça Muzeyi və digər memarlıq nümunələrinin vəziyyəti nəzərdən keçirildi. Martın 20-də Cıdır düzündə Novruz tonqalının alovlandırılması Şuşada milli bayram ənənələrinin yenidən bərpa olunmasının, həyatın öz axarına qayıtmasının əlamətdar hadisəsi oldu. 2021-ci il mayın 12–13-də Şuşada keçirilən tədbirlər şəhərin həm quruculuq, həm də beynəlxalq mədəni əlaqələr baxımından yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Şuşa yarımstansiyasının istifadəyə verilməsi, “Xarıbülbül” hotelinin açılması, yeni məscidin təməlinin qoyulması, Şuşa Yaradıcılıq Mərkəzi və Rəsm Qalereyası ilə bağlı layihələrin nəzərdən keçirilməsi şəhərin müxtəlif sahələr üzrə inkişafına xidmət edirdi. Həmin dövrdə 1 nömrəli tam orta məktəbin təməlinin qoyulması isə təhsil həyatının bərpası istiqamətində mühüm addım idi. Şuşada yenidən keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı Qarabağın zəngin musiqi ənənələrinin dünya ictimaiyyətinə təqdim olunmasına imkan yaratdı.
2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa Bəyannaməsinin imzalanması isə müasir tariximizin ən mühüm siyasi hadisələrindən biri oldu. Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldərək siyasi, iqtisadi, hərbi, müdafiə, təhlükəsizlik, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mühüm hüquqi-siyasi əsas yaratdı. Bəyannamənin məhz Şuşada imzalanması onun tarixi və mənəvi əhəmiyyətini daha da artırdı. Bu hadisə iki qardaş dövlətin birliyinin, qarşılıqlı dəstəyinin və ortaq gələcək hədəflərinin beynəlxalq səviyyədə nümayişi idi. Prezident İlham Əliyevin çıxışlarında da vurğulandığı kimi, Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidini ifadə edirdi. 2021-ci ilin avqustunda dövlət başçısının Şuşaya növbəti səfəri zamanı Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışı həyata keçirildi.
Şuşanın baş planının təqdim edilməsi və birinci yaşayış məhəlləsinin təməlinin qoyulması şəhərin gələcək urbanistik inkişafının əsasını təşkil etdi. Vaqif Poeziya Günlərinin yenidən Şuşada keçirilməsi onun ədəbi-mədəni həyatının bərpası baxımından xüsusi əhəmiyyət daşıdı. Noyabr ayında Zəfər yolunun açılışı, Şuşa Rayon Mərkəzi Xəstəxanasının, Daşaltı məscidinin və Radio-Televiziya Yayım Stansiyasının təməllərinin qoyulması quruculuq prosesinin geniş miqyas aldığını göstərirdi. 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi şəhərin 270 illik yubileyi ilə əlaqədar onun tarixi irsinin qorunması, beynəlxalq miqyasda tanıdılması və mədəniyyət mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm qərar idi.
Prezident İlham Əliyevin 2022-ci il aprelin 22-də Şuşaya səfəri çərçivəsində Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi tarixi hadisəyə çevrildi. “Zəfər Qurultayı” adlandırılan toplantıda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azad Şuşada bir araya gəlməsi milli həmrəyliyin, Vətənlə bağlılığın və dövlətçilik maraqları ətrafında birliyin nümayişi idi. Prezidentin qurultaydakı çıxışı postmünaqişə dövründə Azərbaycanın qarşısında duran vəzifələri, Qarabağın bərpasını və diaspor təşkilatlarının bu prosesdə rolunu əhatə edirdi. Həmin ilin may ayında Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı şəhərin mədəniyyətlərarası dialoq məkanı kimi əhəmiyyətini artırdı. Sentyabr ayında dövlət başçısının Şuşaya səfəri zamanı yaşayış komplekslərində aparılan tikinti işləri, hotel və konfrans mərkəzinin inşası, 1 nömrəli tam orta məktəbin tikintisi, dini abidələrin bərpası və digər layihələr nəzərdən keçirildi. Şirin su hamamı, Sadıqcanın evi, Mehmandarovların malikanə kompleksi, Şuşa Realnı Məktəbinin binası kimi tarixi məkanların bərpasına diqqət yetirilməsi şəhərin memarlıq simasının qorunmasına xidmət edirdi. Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı isə müasir texnologiyaların şəhər təsərrüfatının idarə olunmasına tətbiqi baxımından əhəmiyyətli addım idi. 2023-cü il Şuşanın beynəlxalq tədbirlər və quruculuq mərkəzi kimi mövqeyinin daha da möhkəmləndiyi dövr oldu. Mayın 3-də şəhərdə keçirilən beynəlxalq konfrans, mayın 10-da Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışı Şuşanın turizm, iqtisadiyyat və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət etdi. İyulun 21-də Şuşada Qlobal Media Forumunun açılış mərasiminin keçirilməsi isə şəhərin beynəlxalq informasiya məkanındakı mövqeyini gücləndirən mühüm hadisə idi. “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusuna həsr olunan forumda 49 ölkədən 150-yə yaxın xarici qonaq iştirak edirdi. Prezident İlham Əliyev tədbirdə çıxış edərək beynəlxalq media nümayəndələrinin suallarını cavablandırdı, Azərbaycanın müasir inkişafı, Qarabağın bərpası, regional təhlükəsizlik, informasiya müharibəsi və ölkəmizin beynəlxalq münasibətlərdəki mövqeyi ilə bağlı fikirlərini bölüşdü. Dövlət başçısının çıxışlarında Şuşanın həm Qələbənin, həm də sülhün rəmzi olduğu xüsusi vurğulanırdı. Prezident şəhərin infrastrukturunun yenidən qurulduğunu, məktəb, xəstəxana, yaşayış və turizm obyektlərinin inşa edildiyini diqqətə çatdırırdı. Həmin səfər zamanı Daşaltı kəndinin yenidən qurulması ilə bağlı layihələrə də diqqət yetirilməsi Böyük Qayıdış strategiyasının kənd yaşayış məntəqələrini də əhatə etdiyini göstərirdi. Daşaltının yenidən qurulması, yaşayış evlərinin, sosial obyektlərin və infrastrukturun yaradılması doğma yurdlarından didərgin düşmüş sakinlərin geri qayıdışı üçün mühüm əhəmiyyət daşıyırdı. Şuşada 1 nömrəli tam orta məktəbin və xəstəxananın tikintisi ilə bağlı işlərin davam etdirilməsi şəhərin sosial infrastrukturunun formalaşdırılması baxımından vacib idi. Noyabrın 7-də 1 nömrəli tam orta məktəbin açılışı Şuşada təhsil həyatının bərpasının real nəticəsi oldu. Məktəbin müasir tədris şəraiti ilə istifadəyə verilməsi şəhərin gələcək inkişafında təhsilin rolunu bir daha təsdiqlədi. Həmin dövrdə yaşayış komplekslərinin, peşə məktəbi və kollecin binalarının tikintisi, Mamayı məscidinin bərpası, tarixi Qala divarlarının və Qızlar gimnaziyasının binasının qorunması istiqamətində də işlər aparılırdı. 2023-cü il dekabrın 22-də Prezidentin Şuşaya növbəti səfəri zamanı 23 binadan ibarət ilk yaşayış kompleksində tikinti işlərinin gedişi, Qarabağ küçəsində aparılan yenidənqurma, Aşağı Gövhər Ağa məscidinin bərpası və Daşaltı kənd məscidinin tikintisi nəzərdən keçirildi. 2024-cü il Şuşanın beynəlxalq nüfuzunun daha da yüksəldiyi, türk dünyası və İslam aləmi ilə bağlı mühüm tədbirlərə ev sahibliyi etdiyi il oldu. Şuşanın 2023-cü ildə TÜRKSOY tərəfindən Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə isə İslam Əməkdaşlıq Təşkilatının müvafiq qurumu ICESCO tərəfindən İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi şəhərin tarixi-mədəni əhəmiyyətinin beynəlxalq səviyyədə təsdiqi idi. May ayında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri zamanı birinci yaşayış kompleksinin açılışı və ilk sakinlərin şəhərə köçürülməsi Böyük Qayıdış Proqramının mühüm nəticəsi kimi yadda qaldı. Üçüncü yaşayış kompleksinin təməlinin qoyulması, Şirin su hamamının bərpadan sonra istifadəyə verilməsi, Mamayı məscidinin açılışı və Turşsu qəsəbəsinin təməlinin qoyulması quruculuq prosesinin davamlı xarakter daşıdığını göstərirdi. Mayın 11-də VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirildi. İyulun 5–6-da Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi isə şəhərin siyasi tarixində yeni səhifə açdı. “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda təşkil olunan görüş türk dövlətləri arasında əməkdaşlığın inkişafı baxımından mühüm platforma oldu. Zirvə görüşünün sonunda Qarabağ Bəyannaməsinin imzalanması tədbirin ən mühüm siyasi nəticələrindən biri idi. Sənəd türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, kommunikasiya, enerji, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tuturdu. Qarabağ Bəyannaməsi ortaq tarixi köklər, dil, mədəniyyət və ənənələr əsasında formalaşan türk dünyasının birliyini, regional sabitliyi və dayanıqlı inkişafı ön plana çəkirdi. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqliyinin hüquqi-siyasi əsasını möhkəmləndirdiyi halda, Qarabağ Bəyannaməsi Şuşanı bütövlükdə türk dövlətlərinin həmrəylik və əməkdaşlıq platformasına çevirdi. Həmin səfər zamanı “İsa bulağı” istirahət kompleksinin açılışı, sutəmizləyici qurğular kompleksinin istifadəyə verilməsi, Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı və Dövlət Xidmətləri Mərkəzinin fəaliyyətə başlaması da mühüm hadisələr sırasında idi. “İsa bulağı”nın yenidən qurulması şəhərin turizm və istirahət potensialının inkişafına, sutəmizləyici qurğuların açılışı əhalinin dayanıqlı içməli su ilə təminatına xidmət edirdi. Aşağı Gövhər Ağa məscidinin bərpası Şuşanın dini-mədəni irsinin qorunması, Dövlət Xidmətləri Mərkəzinin açılması isə müasir dövlət xidmətlərinin sakinlər üçün əlçatan olması baxımından əhəmiyyət daşıyırdı. İyulun 20-də Şuşada ikinci Qlobal Media Forumunun açılışı keçirildi. “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda təşkil edilən tədbir Azərbaycanın informasiya təhlükəsizliyi, beynəlxalq media mühiti və müasir kommunikasiya siyasəti ilə bağlı mövqeyinin dünyaya çatdırılması baxımından mühüm platforma oldu.
2025-ci ildə də Prezident İlham Əliyevin Şuşaya səfərləri şəhərin inkişafına, sosial infrastrukturun genişləndirilməsinə və tarixi irsin qorunmasına yönəlmiş ardıcıl siyasətin davamı idi. Martın 27-də Prezident və birinci xanımın Şuşaya səfəri zamanı tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışı keçirildi. Həmin səfərdə Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan işlərlə tanışlıq oldu. Mayın 10-da dövlət başçısının Şuşaya növbəti səfəri zamanı Daşaltı kənd məscidinin açılışı, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin istifadəyə verilməsi və dördüncü yaşayış kompleksinin təməlinin qoyulması mühüm hadisələr kimi yadda qaldı. Xüsusilə səhiyyə müəssisəsinin istifadəyə verilməsi şəhərdə sosial xidmətlərin genişləndirilməsi və daimi yaşayışın təmin edilməsi baxımından əhəmiyyətli nəticə idi. 2025-ci il iyulun 17-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev və qonaq Şuşaya gəldilər. Onlar şəhərdə inşa edilmiş yaşayış kompleksində, Yeni Şuşa məscidində aparılan tikinti işlərində və digər quruculuq layihələrində görülən işlərlə tanış oldular. Səfərin diqqətçəkən məqamlarından biri Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş Şuşa Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxış keçirilməsi idi. Yaradıcılıq Mərkəzinin yerləşdiyi bina vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası olub. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri nəticəsində tarixi bina ilkin görkəminə qaytarılaraq mədəniyyət məkanına çevrilib. Burada nümayiş olunan sərgi Ulu Öndər Heydər Əliyevin Qarabağın siyasi, iqtisadi və mədəni inkişafında rolunu əks etdirən fotoşəkilləri, sənədləri və videomaterialları özündə birləşdirir. İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovun bu mərkəzə birgə səfəri Azərbaycan-Türkmənistan münasibətlərinin dostluq və qardaşlıq ənənələrinə əsaslandığını nümayiş etdirən əlamətdar hadisə idi. Prezident İlham Əliyevin Şuşadan etdiyi çıxışlar şəhərin bərpası ilə məhdudlaşmayan, Azərbaycanın regional və beynəlxalq siyasətinin əsas istiqamətlərini əks etdirən mühüm siyasi məzmun daşıyır. Bu çıxışlarda milli suverenlik, ərazi bütövlüyü, tarixi ədalətin bərpası, Böyük Qayıdış, türk dünyasının birliyi və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi kimi məsələlər xüsusi yer tutur. Dövlət başçısının müxtəlif beynəlxalq tədbirlərdə səsləndirdiyi fikirlərdə Şuşa həm keçmişin tarixi yaddaşı, həm də müasir Azərbaycanın gücünü və inkişaf potensialını nümayiş etdirən şəhər kimi təqdim olunur. Şuşanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə sülh, təhlükəsizlik və inkişaf gündəliyini irəli sürdüyünü göstərir. Qlobal Media Forumları, Türk Dövlətləri Təşkilatının Zirvə görüşü, “Xarıbülbül” festivalları və beynəlxalq konfranslar vasitəsilə Şuşa dünya ictimaiyyətinin diqqətini Qarabağın yeni inkişaf mərhələsinə yönəldir. Bu gün Şuşa keçmişin ağrı-acısını deyil, xalqımızın qazandığı Zəfəri, dövlətimizin quruculuq gücünü və gələcəyə inamını təcəssüm etdirir. Qısa müddət ərzində şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri onun tarixi simasının qorunması ilə müasir şəhər infrastrukturunun yaradılmasını bir araya gətirib. Məktəbin, xəstəxananın, yaşayış komplekslərinin, xidmət mərkəzlərinin, məscidlərin, istirahət və turizm obyektlərinin istifadəyə verilməsi Şuşanın həyatının hərtərəfli bərpasına xidmət edir. Daşaltının yenidən qurulması və digər yaşayış məntəqələrində həyata keçirilən layihələr isə Böyük Qayıdışın yalnız şəhərlərlə məhdudlaşmadığını, bütövlükdə Qarabağın dirçəldilməsini hədəflədiyini göstərir. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə müttəfiqliyinin möhkəmləndirilməsi, Qarabağ Bəyannaməsi ilə türk dövlətlərinin həmrəyliyinin nümayiş etdirilməsi, beynəlxalq forum və festivalların keçirilməsi şəhərin regional və qlobal əhəmiyyətini daha da artırıb. Şuşanın dirçəlişi Azərbaycan xalqının tarixi yaddaşına, milli iradəsinə və gələcək nəsillərə olan məsuliyyətinə söykənən böyük dövlətçilik layihəsidir. Bu qədim şəhərin yenidən qurulması, sakinlərinə qovuşması və dünya miqyasında Azərbaycanın milli-mədəni simasını təmsil etməsi tarixi Zəfərimizin davamı, müasir dövlətimizin inkişafının və milli birliyimizin parlaq göstəricisidir.

Səltənət Möhsünlü,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

 

Oxşar Xəbərlər

Back to top button