
Bakıda “Ortaq gələcək naminə dialoq parçalanmış dünyada körpülərin qurulması” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev geniş və proqram xarakterli nitqlə çıxış etmişdir . 2008-ci ildə təməli qoyulmuş “Bakı Prosesi”nin artıq qlobal miqyaslı aparıcı platformaya çevrildiyini xüsusi vurğulayan dövlət başçısı öz çıxışında beynəlxalq təhlükəsizlik, Cənubi Qafqazdakı yeni sülh reallıqları və qlobal siyasi sistemdəki məqsədyönlü yanaşmalar barədə mühüm mesajlar vermişdir. Azərbaycanın həm coğrafi, həm də mədəni baxımdan müxtəlif sivilizasiyalar arasında oynadığı körpü rolu bu mötəbər forumla bir daha öz qlobal təsdiqini tapmışdır.
Prezident İlham Əliyev öz çıxışında beynəlxalq münasibətlər sistemində və regionda baş verən müsbət dəyişiklikləri diqqətə çatdıraraq, Ermənistanla sülh prosesində əldə olunan tarixi irəliləyişi elan etmişdir. Dövlət başçısı bu istiqamətdə regional təhlükəsizlik üçün ən həlledici hadisəni mətbuat nümayəndələrinin nəzərinə çatdırmışdır: “Ermənistanla sülh prosesində mühüm irəliləyiş əldə olunub və ötən ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı və şahidliyi ilə sülh sazişinin mətni paraflanmış, həmçinin üçtərəfli Bəyannamə imzalanmışdır”. Bu bəyanat Cənubi Qafqazın müstəqillik tarixində görünməmiş tamamilə yeni, sabit və davamlı bir təhlükəsizlik mühitinin yarandığının rəsmi göstəricisidir.
Ölkə daxilindəki sarsılmaz sabitliyin və milli həmrəyliyin önəmi xüsusi vurğulanır. Azərbaycan lideri cəmiyyətin bütün fundamental məsələlərdə monolit bir birlik nümayiş etdirdiyini və ölkə daxilində heç bir daxili təhdidin mövcud olmadığını bildirmişdir. Bu baxımdan, müasir dövrdə potensial risklərin yalnız xaricdən, yəni ölkə hüdudlarından kənardan gəldiyini deyən dövlət başçısı, xarici mənşəli ideoloji risklərin fiziki təhdidlərdən daha təhlükəli ola biləcəyini diqqətə çatdırmışdır. Milli kimliyin, müstəqilliyin, dövlətçilik maraqlarının və xalqımızın həyat tərzinin qorunması üçün cəmiyyətdə ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi və kənar dezinformasiya kampaniyalarına qarşı ayıq-sayıqlığın artırılması müasir dövrün ən vacib çağırışı kimi önə çəkilmişdir.
Prezident beynəlxalq arenada hökm sürən ədalətsizlikləri və bəzi xarici dairələrin yürütdüyü qərəzli siyasəti sərt şəkildə tənqid edərək bəyan etmişdir: “İkiqat standartlar siyasəti beynəlxalq siyasətdən tamamilə silinməlidir”. Azərbaycanın 30 illik işğal dövründə BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına, öz hərbi-siyasi gücü və beynəlxalq hüququn prinsipləri çərçivəsində icra etdiyini xatırladan İlham Əliyev, müstəqil siyasət yürüdən ölkələrə mühazirə oxunmasının qəbuledilməz olduğunu vurğulamışdır. Azərbaycan tarixən multikultural dəyərlərə sahib olan bir ölkədir və Vətən müharibəsində ölkədə yaşayan bütün etnik qrupların vahid “dəmir yumruq” kimi birləşməsi bunun ən böyük sübutudur. BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO və ICESCO kimi nüfuzlu təşkilatlarla tərəfdaşlıq çərçivəsində keçirilən bu forum Bakının qlobal mədəni inteqrasiyanın və sivilizasiyalararası etimadın əsas strateji mərkəzi olduğunu bir daha bütün dünyaya nümayiş etdirmişdir.
Samirə Zeynalova,
YAP Tərtər rayon təşkilatının mühasibi



