
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 1B” ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Bakı Elektrik Stansiyasının rəisi Elnur Səlimov və digər şəxslər çıxış ediblər.
Çıxışlarda ölkəmizdə energetika sektorunun inkişafı, elektrik enerjisi istehsalının dayanıqlılığının təmin edilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi və müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi enerji strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu gün Azərbaycanın enerji potensialının artırılması, elektrik enerjisi infrastrukturunun müasirləşdirilməsi və ölkənin enerji müstəqilliyinin möhkəmləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir.
YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr kontekstində dövlətçilik ideologiyasının təbliği, milli-mənəvi dəyərlərin qorunması, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və əmək kollektivlərində ideoloji maarifləndirmə işinin gücləndirilməsi məsələlərinə də toxunulub. Qeyd olunub ki, hər bir əmək kollektivinin öz sahəsində məsuliyyətlə fəaliyyəti ölkəmizin ümumi inkişafına və strateji hədəflərinin reallaşdırılmasına mühüm töhfə verir.
Görüşün sonunda energetika sahəsinin qarşısında duran vəzifələr, elektrik enerjisi istehsalının inkişaf perspektivləri, partiya fəaliyyətinin gücləndirilməsi və YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn tapşırıqların icrası ətrafında fikir mübadiləsi aparılıb.
İştirakçılar Azərbaycanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, iqtisadi potensialının artırılması və Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsində fəal iştirakın əhəmiyyətini vurğulayıblar.




