
26 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Kolxəlfəli kənd” Ərazi Partiya Təşkilatında Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı 2 oktyabr 2026-cı il tarixində Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti və Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı nitqi ölkənin qarşısında duran strateji vəzifələrin, müasir çağırışların və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Çıxışda dövlət müstəqilliyinin qorunması, milli təhlükəsizliyin gücləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, ideoloji təhlükəsizlik, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış və vətəndaşların rifahının yüksəldilməsi kimi məsələlər ön plana çıxmışdır.
Daha sonra çıxış edən natiqlər – Qurultay nümayəndəsi Şahhüseyn Qurbanov, “Kolxəlfəli kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Elxan Həsənov və Kolxəlfəli kənd tam orta ümumtəhsil məktəbin müəllimi Vasif Kərimov bildiriblər ki, müasir dövrdə dünya siyasətində, beynəlxalq münasibətlər sistemində, informasiya texnologiyaları sahəsində və iqtisadi proseslərdə baş verən dəyişikliklər hər bir dövlət qarşısında yeni vəzifələr müəyyənləşdirir. Belə bir şəraitdə dövlətin təhlükəsizliyinin təmin olunması, milli maraqların qorunması, iqtisadi imkanların genişləndirilməsi və cəmiyyətin dəyişən reallıqlara uyğun inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan YAP-ın VIII Qurultayında səsləndirilən fikirlər ölkənin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi və qarşıya qoyulan vəzifələrin izahı üçün mühüm mövzu yaradır.




