AnalitikaGündəmSiyasət

25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Böyük Qayıdışın təntənəsi

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Vətən torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası və milli suverenliyimizin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. 25 oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış, dövlətimizin qüdrətini, Azərbaycan Ordusunun döyüş əzmini və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirən tarixi günlərdən biridir.

2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsində əldə olunan mühüm hərbi-strateji nailiyyətlərdən biri oldu. Bu qələbə Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, əsgər və zabitlərimizin fədakarlığının, xalqımızın birliyinin və dövlətimizin qətiyyətli siyasətinin parlaq təzahürü idi. Qubadlı şəhərinin azad olunması müharibənin gedişində mühüm dönüş nöqtələrindən birinə çevrilərək tarixi Zəfərimizin daha da yaxınlaşmasına əhəmiyyətli töhfə verdi.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qubadlı şəhərinin azad olunmasının tarixi əhəmiyyətini ifadə edən “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” fikirləri bu möhtəşəm qələbənin mahiyyətini aydın şəkildə əks etdirir. Bu fikirlər, eyni zamanda, xalqımızın doğma torpaqlarına qayıdış əzmini, milli iradəsini və tarixi ədalətin bərpasını ifadə edir.
Qubadlı şəhərinin azad edilməsi 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurların mühüm tərkib hissəsi olmaqla yanaşı, dövlətimizin beynəlxalq hüquqa əsaslanan mövqeyinin də təsdiqi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, ordumuzun gücü və xalqımızın həmrəyliyi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, uzun illər doğma yurdlarından ayrı düşmüş vətəndaşlarımızın qayıdışına tarixi zəmin yaratdı.
Qubadlı uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərimizin şücaəti, şəhidlərimizin canı və qanı bahasına qazanılmış bu qələbə hər bir azərbaycanlının qəlbində dərin ehtiram və qürur hissi doğurur. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, qazilərimizin fədakarlığı isə gələcək nəsillər üçün vətənpərvərlik və qəhrəmanlıq nümunəsi olacaqdır.
Bu gün Qubadlıda həyata keçirilən bərpa və quruculuq işləri Böyük Qayıdış strategiyasının mühüm istiqamətlərindən biridir. İşğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması, sosial obyektlərin inşası və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi dövlətimizin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Qubadlıda aparılan quruculuq işləri bu torpaqlarda həyatın yenidən canlanmasının, tarixi bağlılığın bərpasının və gələcəyə inamın təcəssümüdür.
Qubadlı Şəhəri Günü həm də gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq, dövlətçilik ənənələrinə sədaqət və Vətənə məhəbbət ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu əlamətdar tarix Azərbaycan xalqının heç vaxt öz torpaqlarından imtina etmədiyini, milli birliyinin və qətiyyətinin qarşısında heç bir maneənin dayana bilmədiyini bir daha sübut edir.
Qubadlı Şəhəri Günü kimi əlamətdar tarixlər milli həmrəyliyimizin gücləndirilməsinə, Zəfər tariximizin gələcək nəsillərə çatdırılmasına və dövlətçilik ideyalarının təbliğinə xidmət edir.
Bu gün biz Qubadlının azadlığı uğrunda canlarından keçən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildirir və əminliklə qeyd edirik ki, azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri Azərbaycanın gələcək inkişafına mühüm töhfə verəcəkdir.
Qubadlıya qayıdış tarixi ədalətin təntənəsi, Zəfərimizin əbədi izləri və Azərbaycanın güclü gələcəyinə inamın təcəssümüdür!

Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini, Qərbi Azərbaycan İcmasının Şəki şəhər nümayəndəsi

Oxşar Xəbərlər

Back to top button