
YAP Tərtər rayon təşkilatına daxil olan Qaz İstismar İdarəsi ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Qaz İstismar İdarəsi ərazi partiya təşkilatının nümayəndələri və partiya fəalları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqinin ölkəmizin gələcək inkişaf strategiyasını, dövlət siyasətinin prioritetlərini və qarşıda duran mühüm vəzifələri müəyyənləşdirdiyini bildirib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq nüfuzunun artması, milli maraqlarının qətiyyətlə qorunması, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmizin qazandığı tarixi nailiyyətlərdəndir. Bu uğurların davamlılığının təmin olunması hər bir vətəndaşdan, o cümlədən partiya üzvlərindən yüksək məsuliyyət və fəallıq tələb edir.
Azər Ağayev çıxışında enerji təhlükəsizliyinin Azərbaycanın iqtisadi müstəqilliyinin və dayanıqlı inkişafının mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Bildirib ki, ölkənin enerji infrastrukturunun inkişaf etdirilməsi, təbii qaz təchizatının etibarlılığının təmin olunması və mövcud imkanlardan səmərəli istifadə edilməsi iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, əhalinin rifahının yüksəldilməsinə xidmət edir.
Tədbirdə Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələrə toxunan Azər Ağayev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra ölkənin iqtisadi potensialının gücləndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və regionların inkişafının sürətləndirilməsinin prioritet istiqamətlər olaraq qaldığını bildirib.
A.Ağayev, həmçinin ideoloji təhlükəsizliyin qorunması, milli-mənəvi dəyərlərin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb. Bildirib ki, partiya üzvləri dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, cəmiyyətin maarifləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi istiqamətində fəal mövqe nümayiş etdirməlidirlər.
Tədbir çərçivəsində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin yerinə yetirilməsi, enerji sahəsində çalışan partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, dövlət siyasətinin əsas istiqamətlərinin təbliği və milli-mənəvi dəyərlərin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.




