25 oktyabr — Qubadlının azadlıq tarixidir

Oktyabrın 25-i Azərbaycan xalqının yaddaşında qürur və sevinc hissləri ilə yaşayan tarixi gündür. 2020-ci ildə həmin tarixdə Qubadlı şəhəri və ətraf yaşayış məntəqələri işğaldan azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpasına mühüm töhfə verildi. Bu hadisə Vətən müharibəsinin taleyində əhəmiyyətli mərhələlərdən biri kimi tarixə düşdü.
Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi rəhbərliyi altında Azərbaycan Ordusu qarşıya qoyulan hərbi vəzifələri ardıcıl şəkildə yerinə yetirirdi. Dövlət başçısının siyasi iradəsi və xalqın qələbə əzmi cəbhədəki uğurlarla vəhdət təşkil edirdi. Qubadlının azad olunması bu birliyin real nəticələrindən biri oldu.
Qubadlı əməliyyatı mürəkkəb relyef şəraitində aparılan uğurlu hərbi əməliyyatlardan idi. Cəbrayıl və Zəngilan istiqamətlərində əldə edilən nailiyyətlər şəhərə doğru irəliləyiş üçün əlverişli şərait yaratmışdı. Ordumuzun peşəkarlığı nəticəsində mühüm yüksəkliklər və yaşayış məntəqələri nəzarətə götürüldü, düşmənin mövqeləri zəiflədi.
Qubadlının azad edilməsi noyabrın 8-də Şuşanın işğaldan qurtarılması ilə nəticələnən hərbi prosesin də mühüm mərhələsi oldu. Prezident İlham Əliyev Qubadlı əməliyyatının strateji əhəmiyyətini vurğulayaraq şəhərin azad edilməsindən sonra Şuşanın azadlığına gedən yolun açıldığını qeyd edib. Bu fakt əməliyyatların ümumi hərbi strategiya baxımından əhəmiyyətini göstərir.
2023-cü il iyulun 31-də imzalanmış müvafiq Sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Bu tarix qələbənin əbədiləşdirilməsi, şəhidlərin xatirəsinin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır. Qubadlı Şəhəri Günü Azərbaycanın tarixi yaddaşında əbədi yaşayacaq.
İradə İsmayılova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 33” ərazi partiya təşkilatının sədr müavini



