AnalitikaGündəmSiyasət

Qubadlı şəhəri günü – Zəfərin və yenidən doğuluşun təntənəsi

25 oktyabr Qubadlı şəhəri günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutan, milli qürur və böyük Zəfər hissini özündə birləşdirən əlamətdar gündür. Bu tarix xalqımızın doğma torpaqlarına bağlılığının, ərazi bütövlüyümüzün bərpası uğrunda nümayiş etdirdiyi qətiyyətin və Azərbaycan dövlətinin gücünün parlaq ifadəsidir.

2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin gedişində mühüm hərbi-strateji əhəmiyyət daşıyan hadisələrdən biri oldu. Azərbaycan Ordusunun qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı, xalqımızın birliyi sayəsində tarixi ədalət bərpa edildi. Qubadlının azad olunması Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atılan qətiyyətli addımların nəticəsi kimi tarixə düşdü.

Qubadlı torpağı zəngin təbiəti, füsunkar mənzərələri, qədim yaşayış məskənləri və özünəməxsus mədəni irsi ilə seçilir. Uzun illər doğma yurdlarından ayrı düşən qubadlılıların qəlbində bu torpağa qayıtmaq arzusu daim yaşayıb. İşğal dövründə doğma evlərindən uzaqda yaşamağa məcbur qalan insanların yurd həsrəti bu gün azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə ümidə və sevincə çevrilir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Qələbə ölkəmizin qarşısında yeni inkişaf imkanları açdı. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma tədbirləri Qubadlının da gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Şəhərin müasir tələblərə uyğun yenidən qurulması, infrastrukturun bərpası, yaşayış şəraitinin yaxşılaşdırılması və iqtisadi imkanların genişləndirilməsi doğma torpaqlara qayıdış prosesinin mühüm istiqamətlərindəndir.

Qubadlıda aparılan quruculuq işləri yalnız dağıdılmış yaşayış məntəqələrinin bərpası demək deyil. Bu, həm də insanların öz doğma yurdlarında təhlükəsiz və firavan yaşaması, yeni iş imkanlarının yaradılması, sosial infrastrukturun inkişafı və bölgənin iqtisadi potensialının reallaşdırılması deməkdir. Qarşıya qoyulan məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsi Qubadlının gələcəkdə Azərbaycanın inkişaf edən şəhərlərindən birinə çevriləcəyinə inamı artırır.

Qubadlı şəhəri günü münasibətilə bütün qubadlılıları və Azərbaycan xalqını təbrik edir, doğma torpaqlarımızın abadlaşmasını, şəhərin daha da inkişaf etməsini və sakinlərin öz yurdlarında firavan həyat sürməsini arzulayırıq. Qubadlının azad səmasında dalğalanan üçrəngli Azərbaycan Bayrağı xalqımızın birliyinin, müstəqilliyimizin və əbədi Zəfərimizin rəmzi olaraq daim ucalarda dalğalansın!

Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button