
Hər bir xalqın tarixində elə günlər var ki, həmin günlər milli yaddaşın ayrılmaz hissəsinə çevrilir. Azərbaycan xalqı üçün 25 Oktyabr – Qubadlı şəhəri günü məhz belə əlamətdar tarixlərdəndir. Bu gün biz yalnız qazanılmış hərbi uğuru deyil, həm də doğma torpaqlarımıza qayıdışın sevincini, milli qürurumuzun təntənəsini və dövlətimizin gücünü qeyd edirik.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlının azad edilməsinin əhəmiyyətini belə ifadə etmişdir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Bu fikirlər xalqımızın uzun illər ərzində qəlbində yaşatdığı arzunun gerçəkləşməsini və tarixi ədalətin bərpasını ifadə edir.
Zəfərin böyüklüyü yalnız hərbi qələbə ilə ölçülmür. Onun tarixi dərsləri gələcək nəsillərə çatdırılmalı, azadlıq uğrunda mübarizənin qəhrəmanları daim xatırlanmalıdır. Qubadlıda İşğal və Zəfər muzeyləri kompleksinin yaradılması bu baxımdan xüsusi məna daşıyır. Bu kompleks xalqımızın yaşadığı faciələri, mübarizə əzmini və qələbəyə aparan yolu gələcək nəsillərə çatdıracaq. Şəhidlərimizin xatirəsinə ehtiram göstərmək, onların fədakarlığını unutmamaq milli mənəviyyatımızın əsas dayaqlarındandır.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa işləri Qubadlının gələcəyinə yeni nəfəs verir. Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması sakinlərin doğma yurdlarına qayıdışı üçün mühüm əhəmiyyət daşıyır. Məqsəd dağıdılmış yaşayış məntəqələrini bərpa etməklə yanaşı, insanlara təhlükəsiz, rahat və müasir həyat şəraiti yaratmaqdır.
Prezident İlham Əliyevin 19 oktyabr 2022-ci ildə Qubadlıya səfəri bu quruculuq siyasətinin ardıcıl xarakterini nümayiş etdirdi. Dövlətimizin başçısı “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış oldu. Bu layihələr əkin sahələrinin suvarılması, kənd təsərrüfatının inkişafı və bölgənin iqtisadi imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Həmin gün “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyuldu. Bu addımlar Qubadlının müasir enerji infrastrukturu ilə təmin olunmasına xidmət edir.
Qazanılmış Zəfərin əbədiləşdirilməsi dövlət siyasətimizin mühüm istiqamətlərindən biridir. Qubadlıda İşğal və Zəfər muzeyləri kompleksinin yaradılması təşəbbüsü gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu məkanlar həm işğalın ağrılarını, həm də xalqımızın azadlıq mübarizəsini, qəhrəmanlığını və qələbə əzmini yaşadacaq. Tarixi yaddaşımızı qorumaq, şəhidlərimizin müqəddəs xatirəsini uca tutmaq hər birimizin mənəvi borcudur.
Bu tarixi Qələbənin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi mühüm rol oynadı. Vətən müharibəsi göstərdi ki, milli həmrəylik, güclü dövlətçilik və məqsədyönlü siyasət ən mürəkkəb vəzifələrin həyata keçirilməsinə imkan yaradır. Qubadlı şəhərinin azad edilməsi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan mühüm addımlardan biri kimi tarixə düşdü.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



