Gündəm

20 oktyabr – Zəngilan şəhəri günüdür

2020-ci il oktyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad etdi. Bu tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ oldu, xalqımızın milli qürurunu və yenilməz iradəsini bütün dünyaya nümayiş etdirdi.

Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Azərbaycan Ordusunun rəşadəti nəticəsində Zəngilan azadlığına qovuşaraq tariximizin şanlı səhifələrindən birinə çevrildi. Bu gün azad edilmiş torpaqlarda dalğalanan üçrəngli bayrağımız dövlətimizin gücünün, xalqımızın birliyinin və tarixi ədalətin təntənəsinin rəmzidir.

Zəngilanın azadlığı Vətən müharibəsində qazanılan şanlı Zəfərin, Azərbaycan əsgərinin qəhrəmanlığının və Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin təcəssümüdür. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri ilə yanaşı, rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndləri də işğaldan azad edildi. Bu Qələbə uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir.

Bu gün Zəngilan şəhərində və rayonun kəndlərində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, doğma yurdlarından didərgin düşmüş sakinlərin qayıdışı təmin olunur. Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi və Zəngilan Beynəlxalq Hava Limanı azad edilmiş ərazilərdə quruculuğun və yeni inkişaf mərhələsinin mühüm nümunələrindəndir.

 

 

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button