
Beynəlxalq təşkilatların nüfuzu onların üzvləri arasında dialoqun inkişaf etdirilməsi, birgə qərarların qəbul edilməsi və həmin qərarların praktik nəticələrə çevrilməsi imkanları ilə ölçülür. AQEM-in 7-ci Zirvə Görüşü Azərbaycanın təşkilata sədrliyi dövründə görülən işlərin qiymətləndirilməsi baxımından mühüm hadisə oldu. Bakı görüşü Asiya regionunda təhlükəsizlik, etimad və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün geniş imkan yaratdı.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə üzv dövlətlərə təşəkkür etdi. Dövlət başçısı Azərbaycanın təşəbbüsləri nəticəsində AQEM-in institusional və hüquqi baxımdan daha da gücləndiyini bildirdi. Bu yanaşma təşkilatın fəaliyyətinin yalnız siyasi bəyanatlarla məhdudlaşmaması, həm də davamlı əməkdaşlıq mexanizmlərinin inkişafı baxımından əhəmiyyətlidir.
Azərbaycanın sədrliyi dövründə nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqinə xüsusi diqqət yetirilib. Bu sahələr dövlətlər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi və ortaq maraqların müəyyənləşdirilməsi üçün mühüm imkanlar yaradır. AQEM çərçivəsində belə istiqamətlərin inkişafı üzv dövlətlərin təşkilatın fəaliyyətindən əldə etdiyi faydanı artırmağa xidmət edir.
Laos Xalq Demokratik Respublikasının AQEM-ə üzv qəbul edilməsi təşkilatın genişlənməsi baxımından əlamətdar hadisə oldu. Yeni üzvün iştirakı müxtəlif coğrafiyaları və maraqları təmsil edən dövlətlər arasında dialoqun genişlənməsinə imkan yaradır. Prezident İlham Əliyev bu hadisəni Azərbaycanın sədrliyi dövründə baş verən mühüm nailiyyətlərdən biri kimi yüksək qiymətləndirdi.
Azərbaycanın sədrliyinin daha iki il müddətinə uzadılmasına üzv dövlətlərin dəstək verməsi ölkəmizin təşkilat daxilindəki fəaliyyətinə göstərilən etimadı əks etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan AQEM-in imkanlarının genişləndirilməsi, üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi və regional dialoqun gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirmək niyyətini ortaya qoyur. Bu, Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi önəmin mühüm göstəricisidir.
Bahadur Şahverdiyev,
YAP Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 72 ” ərazi partiya təşkilatının sədri



