
Oktyabrın 16-də Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 18 oktyabr- “Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının, Şəki Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, ziyalılar, Ərazi partiya təşkilatı sədrləri və müavinləri, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, Vətən yolunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifov, YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev və Şəki şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Xuraman Səmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən bəhs ediblər.
Bildirilib ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqının və dövlətinin inkişafı, müstəqilliyi uğrunda əvəzedilməz işlər görmüş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyi qorunub saxlanılmış və möhkəmləndirilmişdir. Ölkəmizdə siyasi sabitliyin qorunması, hüquqi dövlət quruculuğu, müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, vətəndaş cəmiyyətinin formalaşması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi Ulu Öndərin xidmətləri sayəsində mümkün olmuşdur.
Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyevin dövlət quruculuğu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində respublikamız regionun aparıcı dövlətinə çevrilmişdir.
Vurğulanıb ki, 35 illik müstəqillik tariximizdə müstəqilliyimizin bərpasının ildönümünü ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmiş qalib xalq kimi qarşılayırıq.
Sonra tədbirin mövzusuna həsr olunmuş videoçarx nümayiş etdirilib.




