AnalitikaGündəmSiyasət

Azərbaycan–Laos münasibətlərində yeni əməkdaşlıq imkanları

2026-cı il oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata bəyanatla çıxış edib. Bəyanatda iki ölkə arasında mövcud siyasi münasibətlərin inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və müxtəlif sahələrdə tərəfdaşlığın yeni istiqamətləri diqqətə çatdırılıb. Prezident İlham Əliyev qeyd edib ki, Laos Prezidentinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan ilə Laos arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. Ötən dövr ərzində tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edib, bir sıra məsələlərdə qarşılıqlı dəstək və həmrəylik nümayiş etdiriblər. Dövlət başçısının bəyanatında parlamentlərarası əlaqələrin və hakim partiyalar arasında əməkdaşlığın da mövcud münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığı vurğulanıb. Bu əlaqələrin genişləndirilməsi ölkələr arasında siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, yeni əməkdaşlıq təşəbbüslərinin həyata keçirilməsi üçün də imkanlar yaradır.

Bəyanatda iqtisadi münasibətlərin inkişafı xüsusi yer tutub. Prezident İlham Əliyev Azərbaycan ilə Laos arasında mövcud ticarət dövriyyəsinin hər iki ölkənin potensialını tam əks etdirmədiyini bildirib. Bu baxımdan qarşılıqlı ticarətin artırılması, sahibkarlar arasında əlaqələrin gücləndirilməsi və konkret investisiya layihələrinin reallaşdırılması əsas istiqamətlər kimi müəyyənləşdirilib. Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan–Laos Biznes Forumunun işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulmasına və yeni iqtisadi təşəbbüslərin formalaşmasına töhfə verəcəyi gözlənilir. Azərbaycanın xarici ölkələrdə investisiya fəaliyyətinin genişlənməsi də Laosla iqtisadi əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

İki ölkə arasında əməkdaşlığın perspektivli istiqamətləri sırasında kənd təsərrüfatı, energetika, dağ-mədən sənayesi və nəqliyyat-logistika sahələri də qeyd olunub. Prezident İlham Əliyev konkret layihələr əsasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Azərbaycan özünün nəqliyyat infrastrukturu və logistika imkanlarından istifadə etməklə yeni bazarlara çıxışın genişləndirilməsinə çalışır. Laosda həyata keçirilən dəmir yolu layihələrinin gələcəkdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna bağlantı imkanları yaratması isə iki ölkə arasında yükdaşımaların və iqtisadi əlaqələrin inkişafı baxımından əhəmiyyətli perspektiv kimi qiymətləndirilir.

Bəyanatda humanitar əməkdaşlıq, təhsil və insan kapitalının inkişafı məsələlərinə də toxunulub. Prezident İlham Əliyev sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq, bu ənənənin bərpasını təklif edib. Gələcəkdə Laosdan olan tələbələr üçün təqaüd imkanlarının yaradılması iki ölkənin gəncləri arasında əlaqələrin möhkəmlənməsinə, təcrübə mübadiləsinin genişlənməsinə və qarşılıqlı mədəni tanışlığın artmasına xidmət edə bilər. Təhsil sahəsində əməkdaşlıq xalqlar arasında dostluq münasibətlərinin inkişafına uzunmüddətli töhfə verən mühüm istiqamətlərdəndir.

Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button