
Azərbaycan müasir tarixində elə günlər var ki, onlar xalqın yaddaşına əbədi həkk olunur. 17 Oktyabr – Füzuli Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycan xalqının azadlıq iradəsini, milli həmrəyliyini və Müzəffər Ordumuzun qəhrəmanlığını təcəssüm etdirir.
2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Füzuli şəhəri işğaldan azad edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbə xalqımızın torpaq həsrətinə son qoyulması yolunda mühüm mərhələ oldu.
Füzuli uğrunda döyüşlər Azərbaycan əsgərinin yüksək döyüş hazırlığını, vətən sevgisini və qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Hər qarış torpaq uğrunda mübarizə aparan qəhrəman hərbçilərimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə misilsiz fədakarlıq göstərdilər.
Bu tarixi Qələbə milli birliyimizin nə qədər güclü olduğunu bir daha sübut etdi. Müharibə dövründə xalqımızın nümayiş etdirdiyi həmrəylik, dövlətə və orduya dəstək, Vətənə bağlılıq Qələbənin əsas mənəvi dayaqlarından biri oldu.
Bu gün Füzulidə aparılan quruculuq işləri həmin Qələbənin davamıdır. Şəhərin müasir tələblərə uyğun yenidən qurulması, əhalinin doğma yurdlarına qayıdışı və iqtisadi imkanların genişləndirilməsi Azərbaycanın sülhə, inkişafa və firavanlığa verdiyi önəmi göstərir.
Füzuli Şəhəri Günü bizə bir daha xatırladır ki, milli birliyimiz, güclü dövlətçiliyimiz və Vətənə sədaqətimiz ən böyük sərvətimizdir. Bu əlamətdar gün şəhidlərimizin əziz xatirəsinə ehtiram, qazilərimizə minnətdarlıq və gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanması baxımından böyük əhəmiyyət daşıyır.
Elçin İbrahimov,
YAP Şabran rayon təşkilatının məsləhətçisi



