
Türk dünyasını birləşdirən ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər əsrlər boyu xalqlarımız arasında sıx əlaqələrin formalaşdırılmasına zəmin yaradıb. Bu tarixi qardaşlıq bağlarının müasir dövrdə nəticələrindən biri 2009-cu ildə Türk Dövlətləri Təşkilatının yaranması oldu. Sonrakı illərdə təşkilatın əməkdaşlıq dairəsi daha da genişləndirildi. 2026-cı ildə isə bu əməkdaşlığın təhlükəsizlik istiqamətində daha bir mühüm addım atılmış oldu. Sentyabrın 16-18-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci görüşü Bakıda keçirildi. Görüş zamanı regional və beynəlxalq təhlükəsizlik, üzv dövlətlər arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər təşkilatın gələcək inkişaf istiqamətlərini, təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini və türk dünyasının beynəlxalq arenadakı rolunu aydın şəkildə əks etdirir. Prezident İlham Əliyev çıxışında TDT-nin beynəlxalq gündəliyin müxtəlif istiqamətlərində fəal iştirak etdiyini vurğulayır. Buraya beynəlxalq təhlükəsizlik, enerji, nəqliyyat, ticarət və humanitar əməkdaşlıq kimi mühüm sahələr daxildir. Bu yanaşma göstərir ki, təşkilatın fəaliyyəti yalnız mədəni və tarixi əlaqələrlə məhdudlaşmır, həm də müasir qlobal çağırışların həllinə yönəlir.
Türk dövlətlərinin geniş coğrafi məkanda yerləşməsi, enerji resurslarına və nəqliyyat imkanlarına malik olması təşkilatın strateji əhəmiyyətini artıran amillər sırasındadır. Xüsusilə Avropa ilə Asiya arasında yerləşən nəqliyyat dəhlizləri və enerji layihələri üzv ölkələr arasında əməkdaşlığın inkişafına yeni imkanlar yaradır.
Prezident İlham Əliyev çıxışında TDT məkanında sabitlik və təhlükəsizliyin qorunmasının vacibliyini qeyd edir. Bu fikirlər təhlkəsizlik məsələlərində arxayınlaşmanın yolverilməz olduğunu və dövlətlər arasında əlaqələrin gücləndirilməsinə ehtiyac yarandığını göstərir.
Bu baxımdan TDT çərçivəsində təhlükəsizlik şuralarının görüşlərinin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə görüşlər üzv ölkələrin mövcud problemləri müzakirə etməsinə, qarşılıqlı təcrübədən yararlanmasına və təhlükəsizlik mexanzmlərinin təkmilləşdirilməsinə şərait yaradır.
Türk Dövlətləri Təşkilatının strateji əhəmiyyətini müəyyənləşdirən əsas amillərdən biri enerji və nəqliyyat sahələrində əməkdaşlıqdır. Azərbaycan bu istiqamətdə mühüm coğrafi mövqeyə malik ölkə kimi çıxış edir.
Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycan həm dünya iqtisadiyyatını enerji resursları ilə təmin edən, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər dənizi vasitəsilə enerji resurslarının beynəlxalq bazarlara tranzitini həyata keçirən dövlətdir.
Bu mövqe Azərbaycanın TDT üzv ölkələri arasında enerji və nəqliyyat əlaqələrinin inkişafında rolunu artırır. Enerji təhlükəsizliyi ilə nəqliyyat bağlantıları bir-biri ilə sıx əlaqəlidir. Sabit və etibarlı nəqliyyat dəhlizləri enerji resurslarının daşınmasını, iqtisadi əlaqələrin genişlənməsini və regional əməkdaşlığın möhkəmlənməsini təmin edən əsas amillərdəndir.
Türk Dövlətləri Təşkilatını birləşdirən əsas amillərdən biri üzv ölkələrin ümumi tarixi, mədəni və mənəvi dəyərləridir. Prezident İlham Əliyev türk dünyasının ümumi etnik köklərə, oxşar dillərə və mədəniyyətlərə malik xalqları birləşdrdiyini vurğulayır. Bu istiqamətdə gənc nəslin milli-mənəvi dəyərlərə, vətənpərvərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ruhda tərbiyə edilməsi TDT ölkələri üçün mühüm vəzifələrdən biridir.
Nəticə etibarilə, Türk Dövlətləri Təşkilatı üzv ölkələri ümumi tarixi və mədəni dəyərlərlə yanaşı, müasir siyasi, iqtisadi və təhlükəsizlik maraqları ətrafnda da birləşdirən mühüm əməkdaşlıq platformasıdır. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər təşkilatın qarşısında duran əsas vəzifələri və gələcək inkişaf istiqamətlərini əks etdirir.
Üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsi türk dünyasının ümumi inkişafına və təşkilatın beynəlxalq münasibətlər sistemindəki fəaliyyətinin genişlənməsinə imkan yarada bilər. Bu baxımdan TDT çərçivəsində birgə fəaliyyətin davam etdirilməsi və mövcud potensialdan səmərəli istifadə olunması gələcək üçün mühüm istiqamətlərdən biri olaraq qalır.
Mustafazadə Gülnar,
Xəzər rayonu 181nömrəli məktəbin tarix müəllimi


