
Tarixi Zəfər xalqların həyatında böyük dönüş yaratdı. Lakin Zəfərin qorunması və onun nəticələrinin uzunmüddətli inkişafla möhkəmləndirilməsi ayrıca məsuliyyət tələb edir. Azərbaycan üçün bu məsuliyyət Qarabağda yeni həyatın qurulması ilə bağlıdır. Ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra qarşıya qoyulan əsas vəzifələrdən biri azad edilmiş ərazilərin bərpası və insanların öz doğma torpaqlarına qaytarılmasıdır.
Bu prosesin miqyası böyükdür. İşğal dövründə dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması, minalardan təmizləmə, yol və kommunal infrastrukturun yaradılması, sosial obyektlərin tikilməsi və insanların qayıdışının təşkili kompleks fəaliyyət tələb edir. Dövlət bu istiqamətdə müxtəlif layihələr həyata keçirir. Xocalıya qayıdışın başlanması, Xankəndidə yeni infrastruktur layihələrinin reallaşdırılması və digər ərazilərdə bərpa işlərinin davam etdirilməsi bu mərhələnin konkret göstəriciləridir.
Zəfərdən sonra məsuliyyət həm də gələcək nəsillər qarşısında məsuliyyətdir. Qarabağda elə bir mühit yaradılmalıdır ki, burada doğulan uşaqlar doğma torpaqlarını yalnız tarix kitablarından öyrənməsinlər, həmin torpaqlarda yaşasınlar, təhsil alsınlar və öz gələcəklərini orada qursunlar. Bu məqsədlə yaradılan məktəblər, yaşayış məhəllələri, sosial obyektlər və nəqliyyat infrastrukturu uzunmüddətli inkişafın əsasını təşkil edir.
20 Sentyabrın mənası da məhz bu geniş tarixi çərçivədə daha aydın görünür. Bu tarix dövlət suverenliyinin bərpasını xatırladır, lakin eyni zamanda həmin suverenlik altında qurulacaq gələcəyə baxışı ifadə edir. Azərbaycan Zəfəri tarixə yazdı, indi isə həmin Zəfərin məsuliyyətini quruculuqla, Böyük Qayıdışla və Qarabağın gələcəyi ilə davam etdirir.
Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı


