
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf prioritetlərinin və Azərbaycanın qarşısında duran strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Naxçıvanın inkişafı artıq yalnız regional məsələ kimi deyil, Azərbaycanın ümumi iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik strategiyasının mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirilir.
Prezident İlham Əliyev müsahibəsində Naxçıvana 17-ci dəfə səfər etdiyini qeyd edərək, hər səfərin konkret nəticələrlə müşayiət olunduğunu vurğulayıb. Onun sözlərinə görə, son illər ərzində muxtar respublikanın sosial-iqtisadi inkişafı, müdafiə potensialının gücləndirilməsi və infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər görülüb. Bu yanaşma Naxçıvanın inkişafında ardıcıllığın və uzunmüddətli dövlət siyasətinin mövcudluğunu nümayiş etdirir.
Səfər çərçivəsində enerji sahəsində həyata keçirilən layihələr də Naxçıvanın gələcək inkişafında mühüm yer tutur. “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyalarında görülən işlər, eləcə də Naxçıvan Sənaye Parkının yaradılması ilə bağlı layihələr muxtar respublikanın enerji və sənaye potensialının artırılmasına hesablanıb. Naxçıvanda yeni generasiya güclərinin yaradılması enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, sənayenin inkişafına da əlavə imkanlar açacaq.
Prezidentin müsahibəsində nəqliyyat və regional bağlantılar məsələsi də xüsusi əhəmiyyət daşıyır. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə nəqliyyat əlaqələrinin gücləndirilməsi, yol və dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi muxtar respublikanın iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına şərait yaradacaq. Bu baxımdan Zəngəzur dəhlizinin açılması Naxçıvanın regional nəqliyyat xəritəsində rolunu daha da artıracaq strateji amillərdən biri kimi çıxış edir.
Ümumilikdə, 11 avqust müsahibəsi Naxçıvanın yeni inkişaf mərhələsinə dair mühüm siyasi və strateji mesajları özündə əks etdirir. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən aydın olur ki, əsas məqsəd Naxçıvanda təhlükəsizliyin, iqtisadi fəallığın, enerji dayanıqlılığının, nəqliyyat imkanlarının və sosial rifahın daha da yüksəldilməsidir.
Bu baxımdan Prezidentin Naxçıvan səfəri və Azərbaycan Televiziyasına müsahibəsi yalnız görülən işlərin təqdimatı deyil, həm də muxtar respublikanın gələcək inkişaf istiqamətlərinə dair aydın siyasi baxışın ifadəsi kimi qiymətləndirilə bilər. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə daha sıx iqtisadi və nəqliyyat əlaqələrinin qurulması, regionun enerji və sənaye imkanlarının genişləndirilməsi onun ölkənin iqtisadi və geostrateji həyatında rolunu daha da artıracaq.
Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini



