AnalitikaGündəmSiyasət

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan: Vahid İnkişaf və Tarixi İnteqrasiya

Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət strategiyası Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanı vahid inkişaf mərkəzində birləşdirir. Məlum olduğu kimi, işğaldan azad edilmiş Zəngilan rayonu ilə Naxçıvanın Ordubad rayonu arasındakı məsafə cəmi 42 kilometr təşkil edir. Bu yaxın coğrafi məsafə əslində tarixi bir bütövlüyün əyani sübutudur. Dövlət başçısı vurğulayır ki, Zəngəzur, Naxçıvan və Qarabağ tarixən vahid məkan olub və insanların bu ərazilərdə miqrasiyası əsrlər boyu davam edib.

Bu tarixi və coğrafi yaxınlıq demoqrafik və sosial əlaqələrin dərin köklərə malik olmasını şərtləndirmişdir. Bütün bu böyük coğrafiyada insanların qohum-əqrəbalıq əlaqələri mövcuddur. Məhz bu amilləri əsas götürən Prezident İlham Əliyev həmin əraziləri vahid və nümunəvi bir inkişaf diyarı kimi nəzərdə tutduğunu bəyan etmişdir. Bu konsepsiya təkcə iqtisadi və infrastruktur layihələrini deyil, eyni zamanda mənəvi və tarixi inteqrasiyanı da özündə ehtiva edir.

Vahid inkişaf strategiyasının ən mühüm elementi idarəetmə sisteminin unifikasiyasıdır. Artıq Qarabağda və Şərqi Zəngəzurda uğurla tətbiq olunan və oradakı 90 mindən çox insanın faydasını gördüyü Prezidentin xüsusi nümayəndəliyi institutu Naxçıvanda da fəaliyyətə başlamışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi bu struktur islahatları bütün bu üç bölgəni inzibati nöqteyi-nəzərdən də faktiki olaraq birləşdirir. Yeni idarəetmə modeli mövcud problemlərin daha operativ həllinə və mərkəzi icra hakimiyyəti ilə birbaşa əlaqələrin güclənməsinə xidmət edir.

Əlbəttə ki, bu islahatlar Naxçıvan Muxtar Respublikasının konstitusion statusuna xələl gətirmir. Prezident İlham Əliyev xüsusi olaraq qeyd etmişdir ki, bu proseslər Naxçıvanın muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydalarının təkmilləşdirilməsi məqsədilə həyata keçirilir. Dövlət başçısının əsas hədəfi bu qədim diyarın daim inkişaf etməsi və burada yaşayan insanların rahat, firavan, tam təhlükəsizlik şəraitində həyat sürməsini təmin etməkdir.

Mircavid Hüseynov,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 152” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button