
Coğrafi vəziyyəti etibarilə Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin ən prioritet strateji hədəflərindən biridir. Hazırda bölgənin enerji generasiya gücü təqribən 200 meqavat təşkil edir ki, bu göstərici muxtar respublikanın bugünkü daxili tələbatından daha çoxdur. Lakin artan inkişaf dinamikasını nəzərə alaraq, səfər çərçivəsində Naxçıvanın generasiya gücünü 1,5 dəfə artıracaq 300 meqavat gücündə yeni istilik elektrik stansiyasının təməli qoyulmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu stansiyanın inşası həm Naxçıvanı dayanıqlı enerji ilə təmin etmək, həm də gələcək ixrac məsələlərini həll etmək məqsədi daşıyır.
Qlobal və regional enerji böhranları fonunda Naxçıvanın enerji asılılığının tam aradan qaldırılması ciddi dövlət iradəsinin nəticəsidir. Azərbaycanda ümumilikdə qazlaşmanın səviyyəsi 96 faiz olduğu halda, Naxçıvanda qazlaşma prosesi artıq 15 ildən çoxdur ki, 100 faiz icra edilmişdir. Bu strateji nailiyyət bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə İran İslam Respublikası ilə imzalanmış qaz mübadiləsi sazişi sayəsində əldə olunmuşdur. Nəticə etibarilə, ölkə rəhbərinin uzaqgörən siyasəti ilə Naxçıvan 100 faiz sığortalı qaz təminatına malik olmuşdur.
Ənənəvi enerji mənbələri ilə yanaşı, muxtar respublika ölkənin “yaşıl enerji” zonasına çevrilməkdədir. Dəqiq təhlillər və monitorinqlər sübut edir ki, Azərbaycan ərazisində Günəş elektrik enerjisinin istehsalı üçün ən əlverişli məkan məhz Naxçıvandır. Dövlət başçısı Naxçıvana səfəri zamanı 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi ilə tanış olmuş və gələcəkdə 600 hektardan çox ərazidə yüzlərlə meqavat gücündə stansiyaların inşa ediləcəyini vurğulamışdır. Həmçinin, Ordubad rayonunun Tivi kəndində 15 meqavatdan çox gücə malik su elektrik stansiyasının inşasının davam etdirilməsi üçün də dövlət tərəfindən vəsait ayrılacaqdır.
Bərpaolunan enerji istehsalının gələcəkdə Naxçıvanda 500, hətta 1000 meqavata çatdırılması hədəflənir. İstehsal olunan ekoloji təmiz enerjinin dayanıqlılığını təmin etmək üçün Prezident İlham Əliyev bölgədə ilk mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun quraşdırılmasına dair xüsusi göstəriş vermişdir. Bu nəhəng potensial imkan verəcək ki, Naxçıvan təkcə daxili tələbatını ödəməklə kifayətlənməsin, həm də mühüm ixracatçıya çevrilsin. Gələcəkdə bu enerjinin genişləndirilmiş ötürücü xətlər vasitəsilə Türkiyəyə, İrana və nəhayət Avropa bazarlarına ixracı planlaşdırılır.
Reyhanə Ələkbərova,
YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini



