GündəmSiyasət

Güclü ordu Azərbaycanın regional mövqeyinin əsas dayaqlarındandır

Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırdığı yüksək müdafiə imkanları ölkənin milli təhlükəsizliyinin başlıca təminatlarından biri olmaqla yanaşı, Cənubi Qafqazdakı siyasi reallıqlara da təsir edən mühüm amildir. Son illərdə aparılan hərbi islahatlar, ordunun maddi-texniki bazasının yenilənməsi və müasir döyüş vasitələrinin arsenalda geniş yer tutması Azərbaycanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Bu güc amili dövlətin öz milli maraqlarını daha qətiyyətli şəkildə qorumasına imkan verən əsas faktorlardan biri kimi çıxış edir.

Ordunun gücünü yalnız silah və texnikanın sayı ilə ölçmək mümkün deyil. Peşəkar hərbi qulluqçuların hazırlanması, komanda-idarəetmə sistemlərinin təkmilləşdirilməsi, müxtəlif qoşun növləri arasında koordinasiyanın gücləndirilməsi və müasir texnologiyaların tətbiqi də mühüm rol oynayır. Azərbaycan Ordusunda bu istiqamətlər üzrə aparılan yeniliklər hərbi potensialın kompleks şəkildə inkişaf etdirilməsinə şərait yaradıb. Nəticədə Silahlı Qüvvələr həm müdafiə, həm də müxtəlif təhlükəsizlik çağırışlarına cavab vermək baxımından geniş imkanlara malik struktur kimi formalaşıb.

Azərbaycanın hərbi gücü ölkənin diplomatik mövqeyinə də əlavə dayaq yaradır. Regional təhlükəsizlik məsələlərində hər bir dövlətin siyasi çəkisi müəyyən dərəcədə onun öz maraqlarını qorumaq və suverenliyini təmin etmək imkanlarından asılıdır. Bu baxımdan güclü ordu Azərbaycanın beynəlxalq münasibətlər sistemində daha inamlı mövqe nümayiş etdirməsinə, milli təhlükəsizlik məsələlərində prinsipial yanaşma sərgiləməsinə və regional proseslərdə fəal iştirak etməsinə imkan verir. Eyni zamanda hərbi qüdrət sülh və sabitliyin qorunması üçün çəkindirici amil rolunu oynayır.

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş müdafiə imkanlarını davamlı şəkildə inkişaf etdirməkdir. Xüsusilə yeni texnologiyaların sürətlə dəyişdiyi bir dövrdə ordunun modernləşdirilməsi, hərbi təhsilin gücləndirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması daim diqqətdə saxlanılmalıdır. Güclü və müasir Silahlı Qüvvələr Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin etibarlı qorunmasına xidmət etməklə yanaşı, ölkənin Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik arxitekturasında söz sahibi kimi mövqeyini də möhkəmləndirir.

Turan Zeynalzadə,
YAP Xəzər RT-ı gənc fəalı 

Oxşar Xəbərlər

Back to top button