
Azərbaycan milli mətbuatı 151 il ərzində xalqımızın ictimai düşüncəsinin, milli özünüdərkinin, azadlıq və dövlətçilik ideallarının formalaşmasında mühüm rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. Həqiqətən də, mətbuat tariximizə nəzər saldıqda qəzet və jurnal səhifələrinin yalnız hadisələri qeydə almadığını, eyni zamanda xalqın düşüncəsinə istiqamət verdiyini, maarifçilik ideyalarını yaydığını və milli mənafeyi müdafiə etdiyini görürük. Bu salnamənin ilk səhifəsi 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə açılıb.
XIX əsrin ikinci yarısında Azərbaycan iqtisadi, ictimai və mədəni dəyişikliklər dövrünü yaşayırdı. Maarifçilik hərəkatı genişlənir, ana dilində məlumat və bilik mənbəyinə ehtiyac artırdı. Belə bir şəraitdə “Əkinçi”nin nəşri tarixi zərurətdən doğan mühüm hadisəyə çevrildi. Qəzet cəmi iki il fəaliyyət göstərsə də, onun cəmiyyətə təsiri fəaliyyət müddətindən qat-qat böyük oldu. Həsən bəy Zərdabi xalqın gündəlik qayğılarını, kənd təsərrüfatını, təhsili, elmi bilikləri, sosial problemləri sadə və anlaşıqlı dildə oxuculara çatdırırdı. “Əkinçi” cəhalətə, xurafata və mövhumata qarşı çıxır, qadın təhsilini və cəmiyyətin müasirləşməsini müdafiə edirdi. Bununla milli mətbuatın əsas missiyası – xalqı məlumatlandırmaq, maarifləndirmək və tərəqqiyə səsləmək – müəyyənləşdirildi.
“Əkinçi”nin ən böyük xidmətlərindən biri də Azərbaycan dilinin ictimai və publisistik imkanlarını nümayiş etdirməsi idi. O dövrdə elmi, sosial və siyasi fikirlərin ana dilində ifadə olunması milli şüurun inkişafı üçün böyük əhəmiyyət daşıyırdı. Qəzet ədəbi dili danışıq dilinə yaxınlaşdırır, mürəkkəb məsələləri sadə şəkildə təqdim edir və ziyalılarla xalq arasında əlaqə yaradırdı. Bu ənənə sonrakı nəşrlərə də təsir göstərdi. “Kəşkül”, “Kaspi”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Füyuzat”, “İqbal” və “Açıq söz” kimi qəzet və jurnallar müxtəlif mövzularda ictimai fikri zənginləşdirdi, milli ideologiya, mədəniyyət, dil, siyasi hüquqlar və dövlətçilik məsələlərini müzakirə müstəvisinə çıxardı.
Milli mətbuat tarixində “Molla Nəsrəddin” jurnalının xüsusi yeri var. Cəlil Məmmədquluzadənin 1906-cı ildə yaratdığı jurnal satirik dili, kəskin publisistikası və təsirli karikaturaları ilə yalnız Azərbaycanda deyil, Qafqazda, Türk dünyasında, Yaxın və Orta Şərqdə geniş şöhrət qazandı. “Molla Nəsrəddin” cəhaləti, geriliyi, sosial ədalətsizliyi və müstəmləkəçilik siyasətini tənqid edir, cəmiyyəti öz problemlərinə tənqidi nəzərlə baxmağa çağırırdı. Jurnal ətrafında formalaşan mollanəsrəddinçilik məktəbi milli mətbuatın cəsarətli, prinsipial və ictimai məsuliyyətli qolunu yaratdı. Bu məktəbin təsiri Azərbaycan ədəbiyyatının, publisistikasının və jurnalistikasının sonrakı inkişafında uzun müddət hiss olundu.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması mətbuat tarixində yeni demokratik mərhələ açdı. Cümhuriyyət qısa müddət fəaliyyət göstərsə də, söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm hüquqi addımlar atdı. 1919-cu ildə qəbul edilən “Mətbuat haqqında nizamnamə” müxtəlif siyasi və ideoloji istiqamətlərə malik nəşrlərin fəaliyyəti üçün demokratik şərait yaratdı. Mətbuat dövlət quruculuğu, vətəndaş hüquqları, milli birlik və beynəlxalq münasibətlər barədə cəmiyyətin məlumatlandırılmasında fəal rol oynadı. Cümhuriyyət dövrünün azad fikir və plüralizm ənənəsi müasir Azərbaycan mediası üçün də qiymətli tarixi irsdir.
Sovet dövründə mətbuat sərt ideoloji nəzarət altında fəaliyyət göstərirdi. Birpartiyalı siyasi sistem mediaya əsasən təbliğat vasitəsi kimi yanaşırdı. Buna baxmayaraq, qəzet və jurnalların şəbəkəsi genişləndi, ixtisaslaşmış nəşrlər yarandı, radio və televiziya jurnalistikası inkişaf etdi, peşəkar kadrlar yetişdi. İdeoloji buxovlar milli mövzuların açıq ifadəsini məhdudlaşdırsa da, Azərbaycan dilinin, ədəbiyyatının və mədəni yaddaşının qorunmasında mətbuatın müəyyən rolu davam etdi. XX əsrin 80-ci illərinin sonunda ictimai-siyasi oyanış başlayarkən yeni qəzet və jurnallar rəsmi təbliğata alternativ informasiya mənbəyinə çevrildi, xalqın azadlıq və müstəqillik tələblərini əks etdirdi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra media sistemi də əsaslı şəkildə yeniləndi. Yeni qəzet və jurnallar, müstəqil televiziya və radio kanalları, informasiya agentlikləri meydana çıxdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquqi və siyasi sabitliyin möhkəmləndirilməsi media sahəsinin inkişafına da təsir göstərdi. 1998-ci il avqustun 6-da senzuranın ləğvi Azərbaycan mətbuatının tarixində mühüm dönüş nöqtəsi oldu. Bu qərar azad, plüralist və müstəqil informasiya mühitinin formalaşmasına geniş imkan açdı. Dövlətlə media arasında dialoqun qurulması, redaksiyaların problemlərinin həlli və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə media siyasəti yeni mərhələyə yüksəldi. Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbul edilməsi, texnoloji yeniliklərin təşviqi, jurnalistlərin peşəkarlığının artırılması və media sahəsində institusional islahatların dərinləşdirilməsi milli informasiya məkanının daha sistemli inkişafına xidmət etdi. Prezidentin qeyd etdiyi kimi, mətbuat qərəzsiz, çevik və operativ fəaliyyət göstərməli, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Bu meyarlar sürətlə dəyişən informasiya mühitində jurnalistikanın həm imkanlarını, həm də məsuliyyətini müəyyən edir.
Bu gün internet qəzetçiliyi, sosial media, mobil jurnalistika və multimedia formatları milli mətbuatın fəaliyyət modelini dəyişib. Məlumat saniyələr ərzində geniş auditoriyaya çatır, oxucu informasiya prosesinin interaktiv iştirakçısına çevrilir. Bununla yanaşı, saxta xəbərlər, dezinformasiya, manipulyasiya və informasiya təhlükəsizliyi kimi çağırışlar peşə etikasının və fakt yoxlamanın əhəmiyyətini artırır. Müasir jurnalist operativ olmaqla yanaşı, dəqiq, balanslı və məsuliyyətli olmalıdır. 151 illik tarixin ən mühüm dərsi budur ki, texnologiya və platformalar dəyişsə də, mətbuatın xalqa doğru məlumat vermək, milli-mənəvi dəyərləri qorumaq və cəmiyyətin inkişafına xidmət etmək missiyası dəyişmir.
“Əkinçi”dən başlayan yol bu gün beynəlxalq informasiya məkanında tanınan, rəqəmsal texnologiyalardan istifadə edən və qlobal media dialoquna töhfə verən Azərbaycan mediasında davam edir. Şuşada keçirilən Qlobal Media Forumları, Milli Mətbuat Gününün Qarabağın tacında qeyd olunması və yerli jurnalistlərin beynəlxalq həmkarları ilə əməkdaşlığı bu inkişafın yeni simvollarıdır. Azərbaycan milli mətbuatının 151 illik yubileyi yalnız tarixi bir hadisənin qeyd olunması deyil, həm də qələm sahiblərinin fədakarlığına ehtiram, peşə məsuliyyətinin yenidən dərk edilməsi və gələcəyin mediasına baxış fürsətidir. Milli mətbuatımız zəngin keçmişindən güc alaraq həqiqətə, dövlətçiliyə və xalqa xidmət yolunu davam etdirir.
Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri



