
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 2026-cı il 1 iyul tarixində Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və yaşıl enerji istiqamətində əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularından biri kimi xüsusi yer tutdu. Dövlət başçısı vurğuladı ki, Azərbaycan ilə Avropa Komissiyası arasında son illər formalaşan qarşılıqlı etimada əsaslanan münasibətlər artıq konkret nəticələr verməkdədir və bu nəticələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Bugünkü geosiyasi şəraitdə dövlətlərin nüfuzu yalnız iqtisadi imkanları ilə deyil, etibarlı tərəfdaşlıq mühiti yaratmaq bacarığı ilə də ölçülür. Azərbaycan bu baxımdan mühüm üstünlüklərə malikdir. Siyasi sabitlik, ardıcıl inkişaf strategiyası, beynəlxalq hüquqa əsaslanan mövqeyi və praqmatik diplomatiyası ölkəmizi beynəlxalq əməkdaşlıq üçün cəlbedici tərəfdaşa çevirib.
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə Bakıda keçirdiyi görüş və mətbuata verdiyi bəyanat müasir dövrdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin daha da möhkəmləndiyini nümayiş etdirdi. Son dövrlərdə Avropa İttifaqının ali rəhbərliyinin Bakıya intensiv səfərləri təsdiqləyir ki, Azərbaycan artıq regionun deyil, daha geniş coğrafiyanın siyasi gündəliyində mühüm yer tutan dövlətlərdən birinə çevrilib. Müasir beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş statusunu qazanmaq asan deyil. Bu, ilk növbədə ardıcıl siyasət, verilən öhdəliklərə sadiqlik və milli maraqlara əsaslanan praqmatik yanaşma tələb edir. Azərbaycan son illərdə məhz bu prinsiplərə söykənən xarici siyasət kursu həyata keçirərək müxtəlif siyasi mərkəzlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətlər formalaşdırmağa nail olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış diplomatiya ölkəmizin beynəlxalq etimad kapitalını əhəmiyyətli dərəcədə artırıb. Bakıda keçirilən görüşün diqqətçəkən cəhətlərindən biri də tərəflər arasında dialoqun artıq ayrı-ayrı sahələrlə məhdudlaşmamasıdır. Müzakirələrin gündəliyinin genişliyi göstərir ki, Azərbaycan və Avropa İttifaqı münasibətlərə strateji baxış prizmasından yanaşırlar.
Bu gün əməkdaşlıq siyasi dialoqdan iqtisadi əlaqələrə, nəqliyyat layihələrindən rəqəmsal transformasiyaya, enerji təhlükəsizliyindən regional sabitliyə qədər çoxşaxəli xarakter daşıyır. Belə bir gündəliyin formalaşması isə yalnız qarşılıqlı etimad şəraitində mümkündür. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə keçirdiyi görüş yalnız mövcud əməkdaşlığın qiymətləndirilməsi baxımından deyil, həm də gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Enerji təhlükəsizliyi, yaşıl enerji, müasir nəqliyyat infrastrukturu və beynəlxalq logistika sahələrində həyata keçirilən layihələr Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin daha da möhkəmlənəcəyini göstərir. Qarşılıqlı etimada əsaslanan bu əməkdaşlıq iqtisadi inkişafı sürətləndirməklə yanaşı, regional sabitliyin, enerji təhlükəsizliyinin və beynəlxalq tərəfdaşlığın möhkəmlənməsinə də xidmət edir. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş mövqeyini daha da gücləndirir və ölkəmizin qlobal enerji, nəqliyyat və yaşıl inkişaf layihələrində aparıcı rolunu gələcək illərdə də qoruyacağını nümayiş etdirir.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



