AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Avropa Komissiyası əməkdaşlığında yeni dinamika və strateji tərəfdaşlığın möhkəmlənməsi

Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq məzmunu qazanıb. Qarşılıqlı etimad, bərabərhüquqlu əməkdaşlıq və ortaq maraqlara əsaslanan əlaqələr siyasi dialoqdan iqtisadiyyata, enerji təhlükəsizliyindən nəqliyyat və yaşıl inkişaf sahələrinə qədər geniş spektri əhatə edir. Yüksək səviyyəli qarşılıqlı təmasların intensivləşməsi tərəflərin əməkdaşlığı daha da dərinləşdirmək niyyətinin bariz göstəricisidir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Əməkdaşlığımız müsbət mənada sürətlə inkişaf edir. Əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk. Bu gün xanım Prezident və nümayəndə heyətləri ilə birgə çox böyük təəssürat bağışlayan gündəliyi geniş şəkildə müzakirə etdik.” Bu fikirlər Azərbaycan ilə Avropa Komissiyası arasında formalaşan münasibətlərin yeni mərhələyə yüksəldiyini və tərəflərin əməkdaşlığı uzunmüddətli perspektivdə daha da inkişaf etdirmək əzmində olduqlarını aydın şəkildə nümayiş etdirir.

Müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətini daha da artırıb. Avropa üçün enerji təhlükəsizliyinin təmin olunması, yeni nəqliyyat marşrutlarının formalaşdırılması və etibarlı tərəfdaşlarla əlaqələrin genişləndirilməsi prioritet məsələlər sırasındadır. Azərbaycan isə sabit siyasi mühiti, müstəqil xarici siyasəti və zəngin iqtisadi potensialı ilə bu istiqamətdə mühüm rol oynayır.

Enerji sahəsində əməkdaşlıq münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Azərbaycan uzun illərdir ki, Avropanın etibarlı enerji tərəfdaşı kimi özünü təsdiqləyib. “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropa bazarına təbii qazın ixracı enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Eyni zamanda yaşıl enerji sahəsində həyata keçirilən layihələr, külək və günəş enerjisinin inkişafı, eləcə də Xəzər regionunun bərpa olunan enerji potensialının Avropaya inteqrasiyası gələcək əməkdaşlığın əsas istiqamətlərindən hesab olunur.

İqtisadi münasibətlər də sürətlə inkişaf edir. Qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması və biznes əlaqələrinin genişləndirilməsi hər iki tərəfin maraqlarına cavab verir. Avropa şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərməsi, ölkəmizdə yaradılan əlverişli investisiya mühiti və həyata keçirilən islahatlar iqtisadi əməkdaşlığın davamlı inkişafına əlverişli zəmin yaradır.

Nəqliyyat və logistika sahəsində də münasibətlər yeni imkanlar qazanır. Azərbaycanın yerləşdiyi strateji coğrafi mövqe ölkəmizi Avropa ilə Asiyanı birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevirib. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr Avropa ilə Asiya arasında yüklərin daha qısa müddətdə daşınmasına şərait yaradır. Bu marşrutların əhəmiyyəti qlobal ticarət zəncirində hər keçən gün daha da artır.

Siyasi dialoqun intensiv xarakter alması da əməkdaşlığın mühüm göstəricilərindəndir. Son aylarda keçirilən yüksək səviyyəli görüşlər və aparılan geniş müzakirələr qarşılıqlı etimadın daha da möhkəmləndiyini göstərir. Görüşlər zamanı enerji, iqtisadiyyat, nəqliyyat, rəqəmsallaşma, yaşıl keçid, regional təhlükəsizlik və digər aktual məsələlər üzrə fikir mübadiləsinin aparılması əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını təsdiqləyir.

Azərbaycan Avropa Komissiyası ilə münasibətlərini qarşılıqlı hörmət, bərabərlik və milli maraqlar prinsipləri əsasında inkişaf etdirir. Bu yanaşma tərəflər arasında uzunmüddətli və etibarlı tərəfdaşlığın formalaşmasına xidmət edir. Qarşılıqlı siyasi iradənin mövcudluğu əməkdaşlığın bütün istiqamətlər üzrə daha da genişlənəcəyini göstərən əsas amillərdəndir.

Humanitar sahədə əlaqələrin inkişafı da xüsusi diqqət mərkəzindədir. Təhsil, elm, innovasiya, rəqəmsal texnologiyalar, mədəniyyət və gənclər proqramları üzrə həyata keçirilən birgə layihələr xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu istiqamətdə əməkdaşlığın genişlənməsi gələcək nəsillər üçün yeni imkanlar yaradır və münasibətlərin dayanıqlı xarakter almasına töhfə verir.

Yaşıl inkişaf və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində də Azərbaycan ilə Avropa Komissiyasının baxışları üst-üstə düşür. Bərpa olunan enerji layihələrinin reallaşdırılması, karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində ortaq fəaliyyət əməkdaşlığın yeni perspektivlərini formalaşdırır.

Azərbaycan ilə Avropa Komissiyası arasında müşahidə olunan yüksək dinamika göstərir ki, münasibətlər artıq keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı siyasi iradə, etimad və ortaq maraqlar əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin yaradır. Enerji təhlükəsizliyi, iqtisadi inkişaf, nəqliyyat dəhlizləri, yaşıl enerji və humanitar sahələrdə birgə fəaliyyət gələcək illərdə tərəfdaşlığın daha da möhkəmlənməsinə, regionda sabitliyin və rifahın güclənməsinə mühüm töhfə verəcək.

Həsənova Sevinc,
YAP Xətai fəalı

Oxşar Xəbərlər

Back to top button