AnalitikaGündəmİqtisadiyyatSiyasət
Trend

Rəşadət Xalıqov: Bakı Enerji Həftəsi Azərbaycanın yeni geosiyasi vizyonunun təqdim olunduğu beynəlxalq platforma kimi qiymətləndirilə bilər

“Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində söylədiyi fikirlər Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunun siyasi fəlsəfəsini, geosiyasi baxışını və gələcək strateji hədəflərini ortaya qoyan konseptual sənəd kimi qiymətləndirilə bilər. 1990-cı illərin əvvəllərində iqtisadi böhran, siyasi qeyri-sabitlik, Ermənistanın işğal siyasəti, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan üçün neft və qaz ehtiyatlarının beynəlxalq investisiyalara açılması tarixi seçim idi. Prezident İlham Əliyev çıxışında xüsusi vurğulayır ki, ölkənin bugünkü iqtisadi və siyasi gücü məhz həmin strateji qərarların nəticəsidir”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, təbii sərvətlərdən əldə olunan gəlirlərin sosial infrastrukturun qurulmasına, insan kapitalının inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə və milli təhlükəsizliyin gücləndirilməsinə yönəldilməsi Azərbaycanın inkişaf modelini nümayiş etdirir. Sevindirici haldır ki, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və onların 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində mühüm aktora çevrildiyini göstərir. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr Azərbaycanın beynəlxalq nüfuzunun və siyasi çəkisinin göstəricisidir. Enerji resursları vasitəsilə qurulan əməkdaşlıq şəbəkəsi ölkəyə regional proseslərdə daha təsirli iştirak imkanı verir. Beləliklə, Azərbaycan enerji ixrac edən dövlət statusundan çıxaraq enerji təhlükəsizliyi təmin edən dövlət statusuna yüksəlmişdir.

“Prezident İlham Əliyevin çıxışında qlobal enerji siyasətinə dair mühüm mesajlar da yer aldı. Son illərdə bəzi beynəlxalq dairələrdə neft və qaz sənayesinə qarşı formalaşdırılan mənfi münasibət tənqid edildi və enerji keçidinin yalnız realist yanaşma əsasında həyata keçirilə biləcəyi vurğulandı. Bu mövqe əslində Azərbaycanın enerji diplomatiyasının yeni mərhələsini ifadə edir. Bakı hesab edir ki, yaşıl enerji gündəliyi vacib olsa da, dünyanın yaxın onilliklərdə karbohidrogen resurslarından imtina etməsi mümkün deyil. Buna görə də enerji siyasətində ideoloji yanaşmalar deyil, praqmatik maraqlar üstün tutulmalıdır”.

Onun sözlərinə görə, digər mühüm istiqamət nəqliyyat və logistika layihələrinin enerji siyasəti ilə paralel inkişafıdır. Zəngəzur dəhlizi, Orta Dəhliz, Qara dəniz enerji kabeli, Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji marşrutu və Mərkəzi Asiya ilə yaşıl enerji layihələri Azərbaycanın yeni strateji rolunu formalaşdırır. Azərbaycan artıq Avropa ilə Asiyanı birləşdirən nəqliyyat, enerji və ticarət qovşağına çevrilməkdədir. Bu isə ölkənin beynəlxalq münasibətlər sistemindəki mövqeyini daha da gücləndirir.

Oxşar Xəbərlər

Back to top button