AnalitikaGündəmSiyasət

Ölkəmizin enerji strategiyasının yeni mərhələsi

Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən, sabit iqtisadiyyata malik və beynəlxalq əməkdaşlıq platformalarında mühüm rol oynayan dövlətlərindən biridir. Son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühitinin formalaşdırılması və müasir infrastruktur layihələrinin icrası ölkəmizin iqtisadi qüdrətini daha da artırmışdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun aparıcı iqtisadi mərkəzlərindən birinə çevrilmiş, dayanıqlı inkişaf modelini formalaşdırmağa nail olmuşdur.

Ölkəmiz ənənəvi enerji mənbələri ilə yanaşı, yaşıl enerji sektorunun inkişafına da xüsusi diqqət yetirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji zonası elan edilməsi, günəş və külək enerjisi layihələrinin genişləndirilməsi Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcını təşkil edir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan bu gün həm enerji təhlükəsizliyinin təmin edilməsində, həm də qlobal enerji keçidi prosesində etibarlı tərəfdaş kimi çıxış edir.

Prezident İlham Əliyevin 2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində etdiyi çıxış xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışı Azərbaycanın enerji strategiyasının uğurlarını, ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyini və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm siyasi və iqtisadi mesajlarla yadda qaldı.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan enerji sahəsində əldə etdiyi uğurlarla kifayətlənməyərək gələcəyə hesablanmış strateji siyasət həyata keçirir. Ölkəmiz həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də yaşıl enerji keçidinin fəal iştirakçısı kimi beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verən, etibarlı və məsuliyyətli tərəfdaş kimi dünya birliyində öz mövqeyini möhkəmləndirməkdə davam edir.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın müasir enerji inkişafının əsası məhz 1994-cü ildə keçirilən ilk Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə qoyulub. Həmin sərgidən dərhal sonra Azərbaycanın beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonradan “Əsrin müqaviləsi” adlandırılan tarixi sazişi imzalaması ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirən dönüş nöqtəsinə çevrilib. Prezidentin qeyd etdiyi kimi, bu proses Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş uzaqgörən siyasətin nəticəsi idi. Məhz həmin dövrdə yaradılan enerji strategiyası Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq tərəfdaşlıqların genişlənməsinə və ölkənin qlobal enerji bazarına inteqrasiyasına yol açdı.

Nəticə etibarilə, Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji siyasətinin uğurlarını, gələcək inkişaf istiqamətlərini və beynəlxalq əməkdaşlığa verdiyi önəmi aydın şəkildə ortaya qoydu. Bu çıxış həm ölkənin enerji strategiyasının növbəti mərhələsinin konturlarını müəyyənləşdirdi, həm də Azərbaycanın qlobal enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədi.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button