
Azərbaycan uzun illərdir ki, enerji sahəsində mühüm uğurlar əldə edən və qlobal enerji bazarında etibarlı tərəfdaş kimi tanınan ölkələrdən biridir. 2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ölkəmizin enerji sektorunda qazandığı nailiyyətləri, həyata keçirdiyi strateji layihələri və gələcək inkişaf istiqamətlərini bir daha nümayiş etdirdi.
Bakı Enerji Həftəsi müasir Azərbaycanın enerji diplomatiyasının əsas sütunlarından biri hesab olunur. Bu nüfuzlu beynəlxalq platforma müstəqilliyimizin ilk illərindən etibarən dünyanın aparıcı enerji şirkətlərini, investorlarını və ekspertlərini bir araya gətirərək ölkəmizin beynəlxalq enerji əməkdaşlığında mühüm rol oynamasına şərait yaratmışdır. Bakı Enerji Həftəsi enerji sahəsində yeni tərəfdaşlıqların qurulması, təcrübə mübadiləsinin aparılması və gələcək layihələrin müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi ölkəmizin enerji strategiyasının ən mühüm nailiyyətlərindən biridir. Bu nəhəng layihə Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyini daha da möhkəmləndirmiş, ölkəmizi Avropanın enerji təhlükəsizliyinin vacib tərəfdaşlarından birinə çevirmişdir. Hazırda Azərbaycan qazı şaxələndirilmiş marşrutlar vasitəsilə 16 ölkəyə ixrac edilir və bu coğrafiyanın genişlənməsi üçün ardıcıl işlər davam etdirilir.
Müasir dövrdə enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilmişdir. Azərbaycan zəngin neft və qaz ehtiyatları hesabına həm öz enerji təhlükəsizliyini təmin edir, həm də tərəfdaş ölkələrin enerji tələbatının ödənilməsinə mühüm töhfə verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın enerji tələbatını qarşılamaq üçün kifayət edəcəkdir.
Azərbaycanın enerji sahəsində qazandığı uğurlar ölkənin iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun yüksəlməsinə və regionda strateji mövqeyinin möhkəmlənməsinə xidmət edir. Bakı Enerji Həftəsi isə bu uğurların beynəlxalq ictimaiyyətə təqdim olunduğu, yeni əməkdaşlıq imkanlarının formalaşdırıldığı və enerji sahəsində qlobal dialoqun inkişafına töhfə verən mühüm platforma kimi xüsusi əhəmiyyət daşıyır. Son illər Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji sahəsinin inkişafına da xüsusi diqqət yetirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan edilməsi, bərpa olunan enerji layihələrinin həyata keçirilməsi ölkəmizin enerji strategiyasında yeni mərhələnin başlanğıcını nümayiş etdirir.
Mələk Mahmudlu,
YAP Xətai rayon təşkilatı fəalı



