AnalitikaGündəmSiyasət

Bu gün Azərbaycan yeni regional reallıqları diktə edən tərəfdir. Heç bir beynəlxalq təşkilatın qərarı Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqlarından üstün ola bilməz

Prezident İlham Əliyevin 4 may 2026-cı il tarixində İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı videoçıxışı, Azərbaycanın Avropa təsisatları ilə münasibətlərindəki strateji xəttini və mövcud narazılıqlarını ən yüksək səviyyədə bəyan etdiyi mühüm bir platformaya çevrildi.

Dövlət başçısının çıxışında Avropa Parlamenti (AP) və Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə bağlı səsləndirdiyi fikirlər “ədalət”, “suverenlik” və “ikili standartların ifşası” prinsipləri üzərində qurulmuşdur.

Prezident İlham Əliyev Avropa Parlamentinin fəaliyyətini kəskin tənqid edərək, Avropa Parlamentini “Siyasi Təzyiq Aləti və Qərəz Mənbəyi” hesab edərək bu qurumun obyektivliyini itirdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilən qətnamələr reallığı əks etdirmir və birbaşa erməni lobbisinin təsiri altında, bəzən isə korrupsiya maraqları çərçivəsində hazırlanır.

Prezident AP-ni 30 illik işğal dövründə Azərbaycanın pozulmuş haqlarına susmaqda, lakin torpaqlar azad edildikdən sonra “insan haqları” pərdəsi altında ölkəmizə qarşı qərəzli hücumlar təşkil etməkdə günahlandırıb.

İlham Əliyev açıq şəkildə bildirib ki, AP-nin daxili işlərimizə müdaxilə xarakterli çağırışları Azərbaycan üçün heç bir hüquqi və ya siyasi əhəmiyyət kəsb etmir.

AŞPA ilə bağlı fikirlərində Prezident daha çox bu qurumun Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq etdiyi qeyri-demokratik məhdudiyyətlərə yer verilib. Prezident AŞPA-nı “Dialoqdan İmtina və Şantaj Siyasəti” yeritdiyini bildirib. İlham Əliyev vurğulayıb ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması dialoq mühitini məhv edir. O, bu addımı “Azərbaycanın öz torpaqlarını azad etməsinə görə qisas cəhdi” kimi qiymətləndirib. Dövlət başçısı mesaj verib ki, əgər AŞPA öz qərəzli mövqeyindən əl çəkməsə, Azərbaycanın Avropa Şurasındakı iştirakı və bu təşkilatın yurisdiksiyası altında qalması sual altına düşə bilər.

Prezident həmçinin AŞPA-nı Avropada baş qaldıran ksenofobiya və islamofobiyanın bir növ “parlament qanadı”na çevrilməkdə ittiham edib.

Prezidentin bu çıxışı sadəcə bir tənqid deyil, həm də Azərbaycanın yeni regional reallıqları diktə edən tərəf olduğunun nümayişi idi.

Azərbaycan Avropa təsisatları ilə “şagird-müəllim” münasibətini deyil, bərabərhüquqlu tərəfdaşlığı qəbul edir. Heç bir beynəlxalq təşkilatın qərarı Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqlarından üstün ola bilməz. Prezident xatırladıb ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanla təzyiq dili ilə danışmaq, əslində Avropanın öz maraqlarına zərbə vurur.

İlham Əliyev: “Biz dialoqa açığıq, lakin heç kimin qarşısında baş əyməyəcəyik. Azərbaycan öz yolunu müstəqil seçib və bu yolda kənar müdaxilələr yalnız münasibətlərin gərginləşməsinə xidmət edir.”

Bu çıxış İrəvanda keçirilən tədbirdə səslənməklə həm ev sahibi Ermənistana, həm də onu dəstəkləyən qərb mərkəzlərinə Azərbaycanın dəyişməz və sarsılmaz iradəsini bir daha nümayiş etdirmiş oldu.

Abbasova Xəyalə,
Nizami rayonu 214 saylı tam orta məktəbin tarix müəllimi

 

Oxşar Xəbərlər

Back to top button