AnalitikaGündəmSiyasət

Azərbaycan ilə Çexiya arasında münasibətlər yeni mərhələyə qədəm qoyur

Müasir beynəlxalq münasibətlər sistemində regional və qlobal çağırışların artdığı bir dövrdə Azərbaycan və Çexiya dövlətlərinin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir.Cari ilin aprelin 27-də Çexiya Respublikasının Baş Naziri Andrey Babiş tərəfindən ölkəmizə edilən səfər və Qəbələ şəhərində Prezident İlham Əliyevlə birgə mətbuata verilən bəyanatlar Azərbaycan–Çexiya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirdi. Bu görüş cari əməkdaşlıq məsələlərinin müzakirəsi ilə məhdudlaşmadı, eyni zamanda iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın əsas istiqamətlərini də müəyyənləşdirdi.

Ölkə Prezidenti İlham Əliyev mətbuata bəyanatında vurğulayıb ki, Azərbaycan ilə Çexiya arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmət və etimada əsaslanır. O qeyd edib ki, yüksək səviyyəli siyasi təmaslar əlaqələrin dinamik inkişafında mühüm rol oynayır və bu səfər də həmin ənənənin davamıdır.

İki ölkə arasında siyasi dialoqun yalnız ikitərəfli formatda deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdiyini bildirilən dövlət başçımız İlham Əliyev qeyd edib ki, bu əməkdaşlıq beynəlxalq hüququn prinsiplərinə hörmət və dövlətlərin suverenliyinin qorunması kimi ortaq dəyərlərə əsaslanır. Birgə bəyanat və aparılan müzakirələr göstərir ki, Azərbaycan ilə Çexiya arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu səfər əməkdaşlığın genişləndirilməsi və konkret layihələrin reallaşdırılması üçün möhkəm zəmin yaradır.

Siyasi sahədə Azərbaycan və Çex Respublikası arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Hər iki ölkənin rəhbərləri və rəsmi nümayəndələri mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirir, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyirlər. Çex Respublikası Avropa İttifaqının üzvü kimi Azərbaycanla Avropa arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan da regionda etibarlı tərəfdaş kimi Çexiya üçün strateji əhəmiyyət kəsb edir. Diplomatik münasibətlərin qurulması iki ölkə arasında əməkdaşlığın əsasını təşkil edir və bu əlaqələr bu gün də uğurla davam etdirilir.

İqtisadi sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biridir. Azərbaycan enerji ehtiyatları ilə zəngin ölkə kimi Çex Respublikasının enerji təhlükəsizliyinin təmin olunmasında müəyyən rol oynayır. Çex şirkətləri isə Azərbaycanda müxtəlif layihələrdə iştirak edir, sənaye, tikinti, nəqliyyat və texnologiya sahələrində əməkdaşlıq həyata keçirirlər. Ticarət dövriyyəsi ildən-ilə artmaqdadır və tərəflər bu sahədə potensialın daha da genişləndirilməsi üçün yeni imkanlar axtarırlar.

Ümumilikdə, tərəflər arasında əldə olunan razılaşmalar və ifadə olunan siyasi iradə onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan–Çexiya münasibətləri daha da intensivləşəcək, iqtisadi və strateji tərəfdaşlıq yeni məzmunla zənginləşəcək.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button