
Cənab Prezident İlham Əliyevin 2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat ölkələr arasında münasibətlərin hazırkı səviyyəsini və gələcək perspektivlərini əhatəli şəkildə əks etdirir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə Çexiya arasında siyasi dialoq hazırda olduqca fəal mərhələdədir. Bu görüş iki liderin ilk şəxsi təması olsa da, müzakirələr son dərəcə səmərəli və məzmunlu keçib.
Görüş zamanı həm ikitərəfli əlaqələr, həm regional məsələlər, həm də qlobal gündəlikdə duran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. İqtisadi əməkdaşlıq məsələlərinə toxunan cənab Prezident bildirib ki, bu sahədə konkret təşəbbüslər və layihələr mövcuddur. Çexiyadan Azərbaycana geniş tərkibli iş adamları nümayəndə heyətinin gəlməsi xüsusilə vurğulanıb. Keçirilən biznes-forumun yeni tərəfdaşlıqların qurulmasına və mövcud layihələrin inkişafına təkan verəcəyi gözlənilir. Ticarət dövriyyəsinin artıq 800 milyon dollardan çox olduğu qeyd edilsə də, onun əsasən Azərbaycanın neft ixracı hesabına formalaşdığı diqqətə çatdırılıb. Bu səbəbdən tərəflər ticarət əlaqələrinin daha balanslı və şaxələndirilmiş olmasına çalışırlar. Görüşlər zamanı müxtəlif iqtisadi və investisiya layihələri üzrə konkret müzakirələrin aparılması gələcək əməkdaşlıq üçün ciddi zəmin yaradır. Energetika sahəsi iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi təqdim olunub.
Uzun illərdir ki, Azərbaycan və Çexiya bu sahədə etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycanın ixrac etdiyi neft Çexiyanın enerji balansında mühüm rol oynayır. Eyni zamanda, Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı təchizatçı kimi mövqeyi Avropa İttifaqı tərəfindən də yüksək qiymətləndirilir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan təbii qazını artıq 16 ölkəyə ixrac edir və onlardan 10-u Avropa İttifaqının üzvüdür. Çexiyaya qonşu ölkələrin də Azərbaycan qazı ilə təmin olunması regional enerji təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələsi də müzakirə olunub və tərəflər bu istiqamətdə gələcək addımlar barədə razılığa gəliblər. Bildirilib ki, enerji əməkdaşlığı yalnız ticarət əməliyyatları ilə məhdudlaşmır, daha genişmiqyaslı və uzunmüddətli strateji tərəfdaşlıq kimi nəzərdən keçirilir. Müdafiə sənayesi də əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi qeyd edilib. Bu sahədə artıq uzun müddətdir uğurlu əlaqələr mövcuddur. Azərbaycan Çexiyadan müxtəlif hərbi təyinatlı məhsullar idxal edir və hazırda birgə istehsal imkanları üzrə konkret layihələr müzakirə edilir. Azərbaycanın müdafiə potensialını gücləndirmək, xüsusilə yerli istehsalı artırmaq istiqamətində Çexiyanın təcrübəsi böyük əhəmiyyət kəsb edir.
Görüş çərçivəsində digər sahələr üzrə də fikir mübadiləsi aparılıb. Hökumətlərarası Komissiyanın yaxın zamanda növbəti iclasının keçirilməsi məsələsi gündəmə gətirilib. Ümumilikdə, bu səfər Azərbaycan ilə Çexiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndiyini bir daha nümayiş etdirir və qarşıdakı dövr üçün geniş perspektivlərin mövcudluğunu göstərir. Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlər bu gün siyasi, iqtisadi, enerji və müdafiə sahələrində çoxşaxəli əməkdaşlıq formatında inkişaf edir və tərəflər bu əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduqlarını açıq şəkildə ifadə edirlər.
Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



