AnalitikaGündəmSiyasət

Görüşlərimiz müntəzəm xarakter daşıyır

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən həm təkbətək, həm də geniş tərkibli görüşlər Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini bir daha nümayiş etdirdi.

Görüş zamanı dövlət başçıları əvvəlki görüşləri məmnunluqla xatırlayaraq, son illər ərzində prezidentlər səviyyəsində intensiv dialoqun davam etdiyini, son dörd il ərzində yeddi görüşün keçirilməsi əlaqələrin dinamik xarakter daşıdığını bildirdilər.
Danışıqlar zamanı siyasi münasibətlərin möhkəm təməllərə əsaslandığı, 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlığa dair sənədlərin əhəmiyyəti qeyd edildi. Həmin sənədlərdə hər iki ölkənin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına verdiyi dəstək açıq şəkildə ifadə olunub. Bu prinsipial mövqe bu gün də davam edir və hər iki dövlət beynəlxalq platformalarda bir-birini dəstəkləməkdə qərarlıdır.
Görüşün əsas müzakirə mövzularından biri iqtisadi əməkdaşlıq, xüsusilə, enerji sahəsində əməkdaşlıq məsələsi olmuş və Azərbaycan Dövlət Neft Şirkəti – SOCARın Ukraynada uzun illər uğurla fəaliyyət göstərməsi iki ölkə arasında iqtisadi əlaqələrin mühüm göstəricisi kimi qiymətləndirilmişdir. Eyni zamanda, yeni investisiya layihələri və birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılmış, ticarət dövriyyəsinin artıq yarım milyard dolları keçməsi müsbət dinamikanın göstəricisi kimi dəyərləndirilmiş və gələcəkdə bu rəqəmin daha da artırılması üçün böyük potensialın olduğu bildirilmişdir.
Görüşdən sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış edərək əldə olunmuş razılaşmalar və müzakirə edilən məsələlər barədə ictimaiyyətə məlumat verdilər. İlham Əliyev çıxışında Azərbaycan ilə Ukrayna arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, bu səfərin əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi.
Ümumilikdə, Volodimir Zelenskinin Azərbaycana səfəri bir daha göstərdi ki, Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanır. Siyasi dialoqun intensivliyi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi, eləcə də yeni layihələrin müzakirəsi bu tərəfdaşlığın gələcəkdə daha da güclənəcəyindən xəbər verir. Bu səfər iki dost ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoymasına zəmin yaradan mühüm hadisə kimi qiymətləndirilə bilər.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button