
Azərbaycan və Ukrayna arasında münasibətlər tarixən dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmışdır. Hər iki ölkə keçmiş Sovet İttifaqı məkanında yerləşməklə oxşar inkişaf mərhələlərindən keçmiş, müstəqillik əldə etdikdən sonra isə beynəlxalq münasibətlər sistemində öz mövqelərini gücləndirməyə çalışmışdır. Bu baxımdan siyasi dialoq daim aktiv olmuş, qarşılıqlı səfərlər və beynəlxalq platformalarda əməkdaşlıq münasibətlərin möhkəmlənməsinə xidmət etmişdir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Respublikasına həyata keçirdiyi son səfər regionda və daha geniş geosiyasi məkanda diqqətlə izlənilən mühüm hadisələrdən biridir. Bu səfər yalnız iki ölkə arasında münasibətlərin inkişafı baxımından deyil, həm də Avrasiya məkanında dəyişən siyasi və iqtisadi balans kontekstində xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın həm qonşu dövlətlərlə, həm də uzaq region ölkələri ilə münasibətlərdə balansı qoruması ölkəmizə eyni zamanda sülh təşəbbüslərində iştirak etmək və dialoq platforması kimi çıxış etmək imkanı yaradır. Uzun illər ərazi bütövlüyü problemi və müharibə yaşamış bir ölkə kimi Azərbaycan bütün münaqişələrin sülh və danışıqlar yolu ilə həllini dəstəkləyir.
Ukraynalı uşaqların və tələbələrin reabilitasiyası məqsədilə onların mütəmadi olaraq Azərbaycana gətirilməsi, psixoloji və sosial dəstək proqramlarına cəlb olunması da diqqətəlayiqdir. Bu, təkcə maddi deyil, eyni zamanda mənəvi həmrəyliyin də göstəricisidir. Humanitar yardım xətti ümumilikdə Azərbaycanı beynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeləndirir. Müharibədən zərər çəkmiş əhaliyə göstərilən dəstək Ukrayna cəmiyyətində ölkəmizə qarşı müsbət ictimai rəy formalaşdırır. Bu isə gələcək siyasi və iqtisadi əməkdaşlıq üçün mühüm sosial baza yaradır.
Azərbaycan Ukraynaya humanitar yardımlar göstərməklə müharibədən əziyyət çəkən insanlara dəstəyini ifadə edir. Bu müddət ərzində ölkəmiz Ukraynaya generatorlar, transformatorlar, təcili tibbi yardım avtomobilləri üçün yanacaq, dərman və tibbi ləvazimatlar göndərib, dağılmış məktəb binasının təmirini həyata keçirib, həmçinin müharibədən zərər çəkmiş uşaqları ölkəmizə gətirərək reabilitasiya tədbirləri təşkil edib. O cümlədən aprelin 25-də İrpen şəhərinə 5 ədəd avtobus hədiyyə olunub. Bu yardımlar humanitar dəstək olmaqla yanaşı, Azərbaycanın humanitar missiyalar sahəsində prinsipial mövqeyini bir daha nümayiş etdirir.
Ukrayna Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər həm siyasi dialoqun intensivləşdirilməsi, həm də iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır. Mövcud geosiyasi şəraitdə Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın daha da inkişaf edəcəyi gözlənilir ki, bu da regionda sabitlik və əməkdaşlıq üçün əlavə imkanlar yaradacaqdır.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı


