AnalitikaGündəmSiyasət

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır  

Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı da daxil olmaqla, beynəlxalq hüquqa söykənərək qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda əsasında əməkdaşlıq üzrə uğurla inkişaf edir. Tərəflər münasibətlərin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi çərçivə yaradaraq yenilənmiş Azərbaycan-Aİ tərəfdaşlıq prioritetlərinin qəbul edilməsi, ikitərəfli gündəliyi daha da zənginləşdirmək üçün güclü iradə nümayiş etdirirlər.

Martın 11-də ölkəmizdə ilk dəfə səfər edən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Prezident İlham Əliyevlə apardığı səmərəli müzakirələr bu baxımdan ikitərəfli təmasların inkişafında yeni səhifə hesab edilir. Prezident Antonio Koşta və Prezident İlham Əliyevin mətbuata bəyanatları isə müasir geosiyasi proseslər fonunda bir neçə konteksdən dəyərləndirilə bilər.

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır və tərəflər arasında ticarət dövriyyəsinin daha da genişləndirilməsi prioritet istiqamət kimi müəyyən edilib. Xüsusilə 2022-ci ildə imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”ndan sonra ikitərəfli əməkdaşlıq yeni dinamika qazanmışdır. Bu strateji sənəd nəticəsində Azərbaycanın Avropa ölkələrinə qaz ixracı həm həcm, həm də coğrafi baxımdan əhəmiyyətli dərəcədə artıb.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə rəsmi səfəri zamanı Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, hazırda Avropa İttifaqının 10 üzv dövləti daxil olmaqla, ümumilikdə 16 ölkə Azərbaycan qazını qəbul edir. Bu göstərici Azərbaycanı boru kəməri ilə qaz təchizatı sahəsində qlobal liderlərdən birinə çevirməklə yanaşı, ölkəmizin beynəlxalq enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirir.

Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsinə böyük maraq göstərir. Çünki qlobal logistika marşrutlarının şaxələndirilməsi Avropa iqtisadiyyatı üçün də mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi iri infrastruktur layihələri ölkənin regional tranzit mərkəzinə çevrilməsinə şərait yaradır.

Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda regionda sülh və sabitliyin təmin olunmasının vacibliyini də vurğulayıb. Cənubi Qafqazda davamlı sülhün bərqərar olması regionun iqtisadi inkişafı və beynəlxalq əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradır.

Siyasi dialoq, enerji əməkdaşlığı, iqtisadi əlaqələr, nəqliyyat layihələri və regional təhlükəsizlik sahələrində genişlənən əməkdaşlıq göstərir ki, tərəflər arasında münasibətlər getdikcə daha strateji xarakter alır. Bu tərəfdaşlıq yalnız Azərbaycan və Avropa İttifaqı üçün deyil, həm də bütövlükdə regionun sabitliyi və inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button