AnalitikaGündəmSiyasət

Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu

Bir ölkəni güclü edən nədir? Ordusu? İqtisadiyyatı? Yoxsa əhalinin sayı? Əslində isə ölkəni həqiqətən güclü edən onun gəncliyidir.Çünki gələcəyin müəllifi məhz gənclərdir. Azərbaycan gəncliyi bu məsuliyyəti dərk edərək dövlətin və cəmiyyətin inkişafında fəal rol oynayır. Lakin Azərbaycan gəncliyi təkcə gələcəyin ümidi deyil, eyni zamanda ölkənin bugünkü inkişafında fəal iştirak edən mühüm qüvvədir. Müstəqil Azərbaycan dövləti yarandığı ilk gündən gənclərə xüsusi diqqət göstərmiş,onların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi hesab edərək daim vurğulayırdı ki, sağlam,savadlı və vətənpərvər gənclər olmadan güclü dövlət qurmaq mümkün deyil. Bu baxış bu gün də dövlət siyasətinin əsas xəttini təşkil edir. Azərbaycan gəncliyi hazırda ictimai-siyasi proseslərdə fəal iştirak edir, müxtəlif sahələrdə mühüm nailiyyətlər qazanır və ölkənin beynəlxalq nüfuzunun yüksəlməsinə töhfə verir. Gənclər yalnız öz şəxsi inkişaflarını deyil, eyni zamanda dövlətin və cəmiyyətin inkişafını da əsas məqsəd kimi qarşıya qoyurlar. Müasir dövrdə gənclər hər bir dövlət üçün strateji resurs hesab olunur. Azərbaycan da bu reallığı nəzərə alaraq güclü və ardıcıl gənclər siyasəti formalaşdırmışdır. Bu siyasətin əsas məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onların bilik və bacarıqlarını üzə çıxarmaq və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasına şərait yaratmaqdır. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması dövlətin gənclərə verdiyi önəmin bariz nümunəsidir. Nazirliyin fəaliyyəti gənclərlə bağlı dövlət proqramlarının həyata keçirilməsində mühüm rol oynayır. Müxtəlif illərdə qəbul edilən dövlət proqramları gənclərin təhsili,məşğulluğu, sağlamlığı və sosial müdafiəsini əhatə edir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Dövlət Gənclər siyasəti Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında mühüm rol oynayıb.Məhz Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən həmin tarix Azərbaycan Gəncləri Günü kimi təsis edilib. Bu, gənclərə daim diqqət və qayğı göstərən, onların problemlərinin həllini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edən Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki,1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə gənclərə göstərilən diqqət daha da artdı. Ulu Öndərin imzaladığı çoxsaylı sənədlər gənclərin ictimai-siyasi həyatda fəal iştirakına geniş imkanlar yaratdı, gənclər siyasətinin məqsəd və prinsiplərini müəyyənləşdirdi.1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin l Forumunda Heydər Əliyevin gənclər qarşısında qoyduğu “Hər bir Azərbaycan gənci müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir” fikri gənclərə böyük məsuliyyət aşıladı.Bu forum ölkədə gənclər hərəkatının genişlənməsinə təkan verdi. Elə sonradan həmin günün Azərbaycan Gənclər Günü elan olunması da bunun bariz nümunəsidir. Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də gənclərin inkişafına xüsusi önəm verir. Dövlətin gənclərə göstərdiyi dəstək nəticəsində gənclərdə özünə inam artmış, onların potensialının üzə çıxarılması üçün geniş imkanlar yaranmışdır. Daim yenilənən və təkmilləşdirilən gənclər siyasəti gənclərin ictimai-siyasi proseslərdə rolunu artırmış,onların ölkənin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaratmışdır.Qəbul edilən sərəncamlar və proqramlar sayəsində Azərbaycan gəncləri beynəlxalq arenada öz uğurları ilə tanınır. Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramı” gənclərin məşğulluğunun təmin olunması, dövlət idarəçiliyində iştirakının artırılması baxımından mühüm addım olmuşdur. Bütün bunlar göstərir ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual inkişafına müsbət təsir edir.Təhsil sahəsində aparılan islahatlar da bu siyasətin əsas istiqamətlərindəndir. Xüsusilə, “2007-2015- ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərin nüfuzlu xarici universitetlərdə təhsil alması onların bilik və dünyagörüşünün genişlənməsinə xidmət edir. Gənc istedadlara dövlət təqaüdlərinin verilməsi və onlara xüsusi qayğının göstərilməsi bu sahədə atılan mühüm addımlardandır. Bundan əlavə, gənclərin rəqəmsal bacarıqlarının inkişafı da diqqət mərkəzindədir.İnformasiya texnologiyaları vasitəsilə ixtisaslaşan gənclər ölkənin rəqəmsal transformasiyasına töhfə verirlər. Azərbaycan gəncliyi milli mədəniyyətin qorunması və inkişafında fəal iştirak edir.Gənc musiqiçilər,rəssamlar,şairlər və yazıçılar milli-mənəvi dəyərləri öz yaradıcılıqlarında yaşadır və gələcək nəsillərə ötürürlər. Mədəniyyət sahəsində keçirilən festivallar,sərgilər və müsabiqələr gənclərin yaradıcılıq potensialını üzə çıxarır.Bu tədbirlər eyni zamanda gənclərin beynəlxalq aləmdə tanınmasına şərait yaradır.İdman sahəsində isə Azərbaycan gəncləri dünya və Avropa çempionatlarında,Olimpiya oyunlarında uğurla çıxış edirlər.Bu qələbələr ölkənin idman nüfuzunu artırır və gənclər arasında idmana marağı gücləndirir. Gənclərin sosial və könüllülük fəaliyyətində rolu da mühümdür. Könüllülük hərəkatı Azərbaycanda gənclərin sosial fəallığının əsas göstəricilərindən biridir. Gənclər müxtəlif sosial layihələrdə iştirak edir,aztəminatlı ailələrə, ahıllara və xüsusi qayğıya ehtiyacı olan insanlara yardım göstərirlər. Könüllülük fəaliyyəti həm də gənclərdə həmrəylik, məsuliyyət və vətəndaşlıq hissini gücləndirir. Bu fəaliyyət eyni zamanda onların ünsiyyət bacarıqlarını və təşkilatçılıq qabiliyyətlərini inkişaf etdirir. Vətənpərvərlik Azərbaycan gəncliyinin əsas xüsusiyyətlərindən biridir. Gənclər tariximizi, mədəniyyətimizi və dövlətçiliyimizi qoruyur, onu yaşadırlar. Xüsusilə Vətən müharibəsi zamanı gənclərin göstərdiyi qəhrəmanlıq bunun bariz nümunəsidir. Gənclər ordu sıralarında xidmət edərək ölkənin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar. Bu da onların Vətənə sədaqətinin göstəricisidir. Müasir dünyada gənclik cəmiyyətin inkişafını irəli aparan əsas qüvvə hesab olunur. Sağlam düşüncəyə,geniş dünyagörüşünə və yüksək mənəvi dəyərlərə malik gənclərin yetişdirilməsi hər bir ölkənin qarşısında duran əsas vəzifələrdən biridir. Xüsusilə milli kimliyini dərk edən, vətəninə bağlı və məsuliyyət hissi güclü olan gənclərin formalaşması uzunmüddətli və ardıcıl prosesdir. Bu prosesin uğurla həyata keçirilməsi üçün cəmiyyətin özü sağlam mühit yaratmalı, dövlət isə məqsədyönlü siyasət yürütməlidir. Azərbaycanın dövlətçilik tarixinə nəzər saldıqda görürük ki, bütün mərhələlərdə gənclərin düzgün istiqamətdə yetişdirilməsi məsələsi diqqət mərkəzində olub. Xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə gənclərdə milli özünüdərk hissinin gücləndirilməsi və vətən sevgisinin aşılanması istiqamətində mühüm addımlar atılmışdır. Bununla da, azərbaycançılıq ideyası, milli birlik anlayışı, dövlətçilik düşüncəsi və milli mədəniyyətin əsasları möhkəmlənmişdir. Sonrakı illərdə də gənclər Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə fəal mövqe tutmuşlar. Milli Azadlıq Hərəkatında iştirak edən minlərlə gəncin fəaliyyəti bunu bir daha təsdiqləyir. Son illərdə gənclər arasında sahibkarlığa maraq xeyli artmışdır. Dövlət tərəfindən yaradılan güzəştli kreditlər,təlim proqramları və biznes-inkubatorlar gənclərin öz biznes ideyalarını reallaşdırmasına imkan yaradır. Azərbaycan gəncləri cəmiyyətdə mövcud olan sosial problemlərə biganə qalmır. Ətraf mühitin qorunması, sosial bərabərlik, sağlam həyat tərzinin təşviqi kimi sahələrdə müxtəlif təşəbbüslərlə çıxış edirlər. Bu fəaliyyətlər cəmiyyətdə məsuliyyət hissinin artmasına və sosial həmrəyliyin güclənməsinə səbəb olur. Gənc jurnalistlər obyektiv və operativ informasiya təqdim etməklə cəmiyyətin maariflənməsinə töhfə verirlər. Eyni zamanda, gənclər saxta məlumatlarla mübarizədə də fəallıq göstərirlər. Gənclər ölkənin demoqrafik strukturunun əsas hissəsini təşkil edir. Onların sağlam ailə modeli qurması, məsuliyyətli valideyn olması gələcək nəsillərin keyfiyyətinə təsir göstərir. Bu da cəmiyyətin uzunmüddətli inkişafına xidmət edir. Gənclər öz hüquqlarını və vəzifələrini bilməlidir. Hüquqlarını və vəzifələrini bilən gənclər hüquqi dövlət quruculuğunun əsas dayağıdır. Gənclərin qanunlara hörmətlə yanaşması cəmiyyətdə nizam-intizamı möhkəmləndirir. Azərbaycan multikultural ənənələrə malik ölkədir. Gənclər tolerantlıq,dinlərarası və mədəniyyətlərarası dialoqun qorunmasında mühüm rol oynayırlar. Gənc nəslin gender bərabərliyi dəyərlərini qəbul etməsi qadınların cəmiyyətdə rolunun artmasına və sosial ədalətin möhkəmlənməsinə səbəb olur. Müasir dövrdə güclü dövlət modeli yalnız iqtisadi göstəricilərlə deyil, eyni zamanda insan kapitalının səviyyəsi ilə müəyyən olunur. İnsan kapitalının əsasını isə savadlı,fəal və məsuliyyətli gənclər təşkil edir. Güclü dövlət modelinin əsas xüsusiyyətlərindən biri vətəndaşların dövlətə etimadıdır. Bu etimadın formalaşmasında gənclərin rolu xüsusilə böyükdür. Gənclər dövlətin keçirdiyi siyasəti dəstəkləyərək, ictimai təşəbbüslərdə fəal iştirak edir və cəmiyyətlə dövlət arasında körpü rolunu oynayırlar. Onların fəallığı cəmiyyətdə sosial sabitliyin möhkəmlənməsinə xidmət edir. Düzdür, Azərbaycan gəncliyi son illərdə əvvəlkindən daha çox imkanlara malikdir. Lakin bütün bu imkanlara baxmayaraq, bəzi çətinliklər və maneələr də mövcuddur. İlk növbədə, gənclərin potensialının tam reallaşdırılmasına sosial və iqtisadi faktorlar təsir edir. Məsələn:məşğulluq problemləri: Bəzi sahələrdə ixtisaslı gənclərin iş tapmaq imkanları hələ də məhduddur,xüsusilə bölgələrdə.Resurs çatışmazlığı: Bütün gənclərin eyni səviyyədə təhsil,texnologiya və maliyyə imkanlarına çıxışı yoxdur. Yaxud bəzən gənclərin yaradıcı ideyalarının reallaşması üçün infrastruktur və dəstək kifayət etmir. Bu maneələr həll olunmadıqda,gənclərin öz potensialını tam göstərməsinə əngəl törədir. Gənclik böyük və tükənməz bir qüvvədir. Gənclər Vətənin işıqlı sabahı,nurlu gələcəyidir.Gənclərin inkişafına yatırın edən hər bir dövlət bununla öz xoşbəxt və firavan gələcəyini təmin edir. Cəmiyyətin sabahı məhz bu günün gənclərinin düşüncəsində formalaşır. Əgər gənc sağlam düşünərsə,sağlam sabah olacaq.Əgər gənc Vətənini sevirsə,sabah dövlət daha möhkəm olacaq. Azərbaycan gəncliyi tarix boyu bu məsuliyyəti dərk edib. Ən çətin məqamlarda geri çəkilməyib,susmayıb,kənarda dayanmayıb. Dövlət müstəqilliyimizin bərpası, milli azadlıq hərəkatı,torpaqlarımızın müdafiəsi-bütün bu proseslərdə gənclər ön cərgədə yer alıblar. Silaha sarılan da gənc olub,ideya daşıyan da, meydanlarda haqqını tələb edən də gənc olub. Bu torpağın azadlığı gənclərin qanı ilə suvarılıb. Bu gün isə Azərbaycan gəncliyi fərqli bir cəbhədə mübarizə aparır-bilik, inkişaf və tərəqqi cəbhəsində. Düşünürəm ki, müasir dünyada güclü olmaq üçün təkcə cəsarət kifayət etmir.Savada,bacarığa,texnologiyaya ,düşüncə çevikliyinə ehtiyac var. Gənclər artıq təkcə silahla deyil, beyinləri ilə də Vətənə xidmət edirlər. Dövlət nə qədər möhkəm qanunlar yaratsa da, o qanunları yaşadan insanlardır,xüsusilədə gənclərdir. Gənc müəllim məktəbdə, gənc həkim xəstəxanada, gənc mühəndis zavodda, gənc jurnalist də mediada dövlətin simasını formalaşdırır. Onların işi təkcə öz həyatlarını deyil, bütöv bir ölkənin gələcəyini dəyişdirir. Bəs bu gün Azərbaycan gəncliyi lazımi qədər inkişaf edirmi? Bu suala cavab həm “bəli”, həm də “tam deyil” ola bilər. Bəli-çünki, minlərlə gənc beynəlxalq müsabiqələrdə qalib gəlir, nailiyyətlər qazanır və s. Tam deyil-çünki hələ də işsizlikdən əziyyət çəkən, öz potensialını reallışdıra bilməyən, istiqamət tapa bilməyən gənclər var. Gənclərin inkişafına mane olan amillərdən biri də inamsızlıqdır. Özünə inanmayan gənc risk etmir, addım atmır, cəhd göstərmir. Gənclik yalnız yaş dövrü deyil. Gənclik ruhdur. Gənclik ümiddir. Gənclik gələcəyə inamdır. Əgər bu gün gənc öz məsuliyyətini dərk edirsə, sabah Azərbaycan daha güclü olacaq.

Hürü Muradova,
Bakı Slavyan Universiteti, Sosial Elmlər və Regionşünaslıq Fakültəsi, Jurnalistika ixtisası, 3-cü kurs tələbəsi 

Oxşar Xəbərlər

Back to top button