
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək AMEA-nın Rəyasət Heyətinin üzvləri və Akademiyanın 80 illik yubiley yığıncağında iştirak edən xarici qonaqlarla görüşmüşdür. Sonra cənab Prezidentimiz çıxış etmişdir. İlham Əliyev çıxışında bildirmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyası 80 il ərzində ölkəmizin elmi inkişafında əvəzsiz rol oynamış və gələcəkdə də milli intellektual potensialın artırılması istiqamətində əhəmiyyətli töhfələr verəcəkdir. O, elmin dövlətin strategiyası üçün əsas prioritet olduğunu vurğulayıb, texnologiyaların — xüsusilə süni intellekt və rəqəmsallaşmanın — əhəmiyyətinin artdığını qeyd edib.
XXI əsr bəşəriyyət tarixində informasiya və texnologiya dövrü kimi xarakterizə olunur. Qlobal inkişafın əsas istiqamətlərindən biri kimi süni intellekt — insan düşüncə proseslərini təqlid edən, öyrənən və qərar qəbul edən texnologiyalar sistemi — artıq müasir dünyanın hər bir sahəsinə nüfuz etmişdir. Süni intellekt bu gün sadəcə elmi-texniki yenilik deyil, eyni zamanda ölkələrin iqtisadi gücünü, təhlükəsizliyini, idarəetmə modelini və sosial rifahını müəyyən edən strateji amilə çevrilməkdədir. Buna görə də haqlı olaraq demək olar ki, süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir.
Süni intellektin əsas məqsədi insanın intellektual fəaliyyətini avtomatlaşdırmaq və optimallaşdırmaqdır. Əgər sənaye inqilabları insan əzələsinin funksiyalarını maşınlara ötürmüşdisə, bu gün süni intellekt insan beyninin funksiyalarını rəqəmsal aləmə daşıyır.
Son illərdə dünya dövlətləri süni intellekt texnologiyalarına milyardlarla dollar həcmində investisiya yatırır. Bu tendensiyalar göstərir ki, süni intellekt artıq hərbi, iqtisadi, tibbi, kənd təsərrüfatı və idarəetmə sahələrində qlobal rəqabət vasitəsinə çevrilmişdir. Kim bu yarışda irəlidədirsə, gələcəyin iqtisadi və siyasi xəritəsində də liderlik mövqeyini qoruyacaq.
Müasir dövlət idarəçiliyində süni intellekt texnologiyaları qərar qəbul etmə proseslərini asanlaşdırır, şəffaflığı artırır və korrupsiya risklərini minimuma endirir. Elektron hökumət və rəqəmsal transformasiya proqramları artıq bir çox ölkədə dövlət xidmətlərinin əsas strukturuna çevrilmişdir.
Azərbaycan bu sahədə regionun qabaqcıl ölkələrindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Rəqəmsal inkişaf və nəqliyyat siyasəti çərçivəsində rəqəmsal iqtisadiyyat, elektron hökumət və süni intellekt sahələri üzrə mühüm layihələr həyata keçirilir.
Süni intellekt artıq gələcəyin yox, bu günün reallığıdır. O, iqtisadi, sosial, elmi və strateji baxımdan hər bir dövlətin inkişafının əsas sütunlarından birinə çevrilmişdir. Texnologiyanın sürətli inkişafı qarşısında dayanan ölkələr bu prosesə vaxtında qoşulmaqla öz gələcəyini təmin edirlər.
Azərbaycan da bu istiqamətdə qətiyyətli addımlar ataraq regionun rəqəmsal lideri olmağa doğru irəliləyir. Süni intellekt təkcə texnoloji alət deyil, həm də milli güc, strateji müstəqillik və intellektual potensial göstəricisidir.
Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



