AnalitikaGündəmSiyasət

Türk coğrafiyasının yeni nəfəsi, Bakıdan Astanaya uzanan dostluq xətti

Prezident İlham Əliyevin Qazaxstanın “Kazinform” beynəlxalq informasiya agentliyinə verdiyi müsahibə Azərbaycan–Qazaxstan münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm siyasi hadisə kimi dəyərləndirilir. Müsahibə dövlət başçısının Qazaxstana rəsmi səfəri ərəfəsində baş tutaraq iki ölkə arasında qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiqləmişdir.

Prezident İlham Əliyev müsahibəsində vurğulamışdır ki, Azərbaycan və Qazaxstan arasında münasibətlər qarşılıqlı etimada, hörmətə və ortaq tarixi-mədəni dəyərlərə əsaslanır. Dövlət başçısı bu əlaqələri “qardaşlıq və etimad modeli” adlandıraraq qeyd edib ki, bu münasibətlər regionda sabitliyin və inkişafın mühüm dayağıdır.

Müsahibənin əsas mövzularından biri iqtisadi əməkdaşlıq və nəqliyyat-logistika sahəsində birgə layihələr olub. Prezident bildirib ki, son illərdə Azərbaycan və Qazaxstan arasında ticarət dövriyyəsi artmaqdadır, eyni zamanda “Orta Dəhliz” üzərindən yük daşımalarının həcmi əhəmiyyətli dərəcədə genişlənib. Bu, həm iki ölkənin, həm də ümumilikdə Türk dünyasının iqtisadi inteqrasiyasına töhfə verir. İlham Əliyev qeyd edib ki, Xəzər dənizi vasitəsilə yaradılan yeni nəqliyyat marşrutları region ölkələrinin iqtisadi təhlükəsizliyini və enerji sabitliyini təmin edəcək.

Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığa da xüsusi yer ayırıb. O, bərpa olunan enerji və “yaşıl keçid” istiqamətində Azərbaycan və Qazaxstanın birgə layihələr həyata keçirməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı bildirib ki, bu sahədə təcrübə mübadiləsi həm iki ölkə, həm də regionun ekoloji təhlükəsizliyi üçün önəmli olacaq.

Müsahibədə Türk Dövlətləri Təşkilatının (TDTT) rolu da diqqət mərkəzində olub. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Qazaxstan Türk dünyasında birliyin gücləndirilməsi istiqamətində sıx əməkdaşlıq edir. Onun fikrincə, mədəni, təhsil və humanitar sahələrdə əlaqələrin genişlənməsi xalqların yaxınlaşmasına və ortaq dəyərlərin qorunmasına xidmət edir.

Eyni zamanda Prezident İlham Əliyev ekoloji məsələlərə toxunaraq Xəzər dənizinin səviyyəsinin enməsi kimi çağırışlara qarşı birgə tədbirlərin görülməsinin vacibliyini qeyd edib. O, vurğulayıb ki, bu problem yalnız ekoloji deyil, həm də iqtisadi və sosial əhəmiyyət kəsb edir.

Ümumilikdə, Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi Azərbaycan–Qazaxstan münasibətlərinin strateji xarakterini, iki ölkə arasında sarsılmaz dostluq və etimadın mövcudluğunu, həmçinin Türk dünyasında əməkdaşlığın gücləndirilməsində bu münasibətlərin nümunəvi rol oynadığını bir daha nümayiş etdirir.

Bu müsahibə göstərdi ki, Azərbaycan regional və beynəlxalq səviyyədə sülh, əməkdaşlıq və inkişaf prinsiplərinə sadiqdir və Qazaxstanla münasibətlər bu siyasətin ayrılmaz hissəsidir.

 

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button