AnalitikaGündəmSiyasət

Azərbaycanla Qazaxıstan arasında siyasi əlaqələr

Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri uzun əsrlərə söykənir. Cənubi Qafqazın güclü dövləti olan Azərbaycanla Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Qazaxıstan arasında əlaqələrin uğurla inkişaf etməsini şərtləndirən bir sıra amilləri sadalamaq mümkündür. Hər iki dövlət tarixi yaxınlığa və ənənələrə sadiqlik nümayiş etdirərək yerli və beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət həyata keçirir və Xəzər hövzəsi dövlətlərinin təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə öz töhfələrini verir.
Siyasi amillərlə yanaşı, Azərbaycan və qazax xalqları arasında tarixi bağlılıq, ənənələrin, mədəniyyətlərin, dillərin oxşarlığı, eyni dinin daşıyıcıları olmaları və əlbəttə ki, coğrafi yaxınlıq kimi amillər müstəsna rol oynayır. Bu məqalədə Azərbaycanla Qazaxıstan arasında siyasi əlaqələri təhlil etməklə, müasir dövrümüzdəki inkişaf xüsusiyyətlərini sadalayacağam. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci il tarixində yaradılıb. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında, 1 mart 2004-cü ildə isə, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycan Prezidenti Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşləri zamanı Azərbaycan-Qazaxıstan münasibətlərini həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli şəkildə qurmaq haqda qərarlar qəbul edilmişdir. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Danışıqların əsas mövzusu iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın yeni sahələri olub. Azərbaycanla Qazaxıstanın Xəzərin statusu və digər məsələlərdə birgə siyasət nümayiş etdirməsi ölkələrin diplomatik səylərini də xeyli yaxınlaşdırıb. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Qazaxıstanın cəmiyyəti və siyasi rəhbərliyi tarixi birliyinin möhkəmlənməsinə, Türk Şurasının nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə və türkdilli ölkələr arasında bağlantıların möhkəmlənməsinə böyük səy göstərirlər.
Bir neçə gün öncə, yəni “Dövlət Müstəqilliyinin Bərpası Günü”ndə Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsində vurğuladığı kimi, iki ölkə arasında siyasi münasibətlər ən yüksək səviyyədədir və ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan danışıqlardır. Belə ki, hazırda Qazaxıstana səfərini gerçəkləşdirən Azərbaycan Prezidentinin həmkarı Kasım-Jomart Tokayevlə ötən müddətdə apardığı müzakirələr faydalı və səmərəli olmaqla münasibətlərin yeni mərhələyə daxil olmasına əhəmiyyətli təsir göstərib.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik olan ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın, eləcə də dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir. İki ölkə arasında siyasi əməkdaşlığın yeni səhifəsi Azərbaycan və Qazax xalqı arasında dostluq- qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləsinə böyük töhfə verəcəkdir!

Abbasova Zümrüd
Xəzər rayonu, 237 №li tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button