AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə Azərbaycan ilə Qazaxıstan arasında formalaşmış sarsılmaz dostluq və strateji müttəfiqliyin növbəti sübutu oldu

2025-ci il oktyabrın 18-də Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə Azərbaycan ilə Qazaxıstan arasında formalaşmış sarsılmaz dostluq və strateji müttəfiqliyin növbəti sübutu oldu. Dövlət başçısı müsahibəsində iki ölkəni birləşdirən tarixi, mədəni və mənəvi bağların bu gün möhkəm siyasi və iqtisadi tərəfdaşlığa çevrildiyini vurğuladı. Prezident İlham Əliyev qeyd edub ki, qarşılıqlı etimad və mehriban qonşuluq prinsiplərinə əsaslanan Azərbaycan–Qazaxıstan əlaqələri bu gün ən yüksək səviyyədə inkişaf edir. Hər iki xalq ortaq türk köklərinə, bənzər dəyərlərə və qardaşlıq ənənələrinə malikdir.

Dövlət başçısı Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanda aparılan islahatları, ölkənin iqtisadi və sosial yüksəlişini xüsusi dəyərləndirdi. O, həmçinin Füzulidə Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin xalqlarımız arasındakı dostluğun simvolu olduğunu bildirdi. Prezident xatırlatdı ki, bu il Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20 illiyi qeyd olunur. İki onillik ərzində imzalanan çoxsaylı sənədlər və formalaşan əməkdaşlıq mexanizmləri bu münasibətlərin dərinliyini nümayiş etdirir.

İqtisadi əlaqələrdə də yüksəliş müşahidə olunur – son bir ildə ticarət dövriyyəsi üç dəfə artaraq 547 milyon dollara çatıb. Qazaxıstan kapitalı ilə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin artması və qarşılıqlı sərmayələrin çoxalması iqtisadi tərəfdaşlığın etibarlı əsaslarını möhkəmləndirir.
Prezident İlham Əliyev Orta Dəhlizin və nəqliyyat-logistika layihələrinin regionun inkişafında oynadığı strateji rolu vurğuladı, eyni zamanda Türk Dövlətləri Təşkilatının türk dünyasının birliyinin möhkəmlənməsi istiqamətindəki əhəmiyyətini önə çəkdi.

Xəzər dənizinin ekoloji problemlərinə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, su səviyyəsinin azalması yalnız ekoloji deyil, həm də iqtisadi təhlükə yaradır və bu məsələ üzrə Xəzəryanı ölkələrin birgə fəaliyyət göstərməsi vacibdir. Sonda dövlət başçısı bildirdi ki, Azərbaycan və Qazaxıstanın qardaşlıq əlaqələri təkcə iki ölkənin deyil, bütövlükdə Türk dünyasının inkişafına, həmrəyliyinə və gələcəyə inamla baxışına xidmət edir.

Aytac Məhərrəmli
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button