MədəniyyətGündəmSosial

Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev muzeyinə ziyarət təşkil edildi

2025-ci il avqustun 16-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 ili tamam olur.

Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim
mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir.

Milli ədəbi fikir xəzinəsinə qiymətli töhfələr bəxş etmiş söz ustası Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının sədri, Prezident Cənab İlham Əliyev tərəfindən 21 fevral 2025-ci il tarixdə sərəncam imzalanmışdır. Respublikamızın bütün şəhər və rayonlarında, xüsusilə də şairin doğulduğu doğma Şəki şəhərində silsilə tədbirlər keçirilməkdədir.

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə onun xatirəsinə ehtiram əlaməti olaraq YAP Şəki rayon təşkilatının əməkdaşları və partiya fəalları şairin Şəki şəhərində yerləşən ev muzeyinə ekskursiya təşkil etmişlər.

İlk öncə şairin Şəki şəhərinin mərkəzində yerləşən və şairin adını daşıyan istirahət parkındakı büstü önünə gül dəstələri düzülmüş, əziz xatirəsi ehtiramla yad edilmişdir.

Ekskursiya zamanı iştirakçılara ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli tərəfindən Bəxtiyar Vahabzadənin həyatı, yaradıcılığı, əlyazmaları, şəxsi əşyaları və digər nadir eksponatlar haqqında ətraflı məlumat verilib, ölməz, dahi şairimizin ədəbi irsini və milli-mənəvi dəyərlərimizə verdiyi töhfələr vurğulanıb.

Ekskursiyada məqsəd Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Bəxtiyar Vahabzadənin zəngin irsi, həyat və yaradıcılığı ilə daha yaxından tanışlıq, vətənpərvərlik ruhunun gücləndirilməsi və ədəbi-bədii irsimizə marağı artırmaqdır.

Bu cür ekskursiyalar bugünkü və gələcək nəsillərin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Oxşar Xəbərlər

Back to top button