
Azərbaycan dili qədim dövrlərdən etibarən bu ərazidə yaşayan insanların əsas ünsiyyət vasitəsi olmuşdur. Türk dilləri ailəsinə mənsub olan Azərbaycan dili tarixən müxtəlif mərhələlərdən keçmiş, ərəb, fars, monqol və rus dillərinin təsirinə məruz qalmış, lakin öz müstəqilliyini və ifadə imkanlarını qoruyub saxlamağı bacarmışdır. Xüsusilə, orta əsrlərdə bu dil ədəbi-bədii irsin əsas daşıyıcısı kimi geniş yayılmış, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli kimi dahilərin əsərlərində bədii-estetik gücünü nümayiş etdirmişdir.
Azərbaycan ərazisi zaman-zaman müxtəlif imperiyaların tərkibində olduğu üçün dil məsələsi də daim siyasi təsirlərə məruz qalmışdır. XIX əsrin əvvəllərindən etibarən Rusiya imperiyasının tərkibinə daxil olan Azərbaycan torpaqlarında rus dilinin mövqeyi güclənməyə başlamış, bu dövrdə Azərbaycan dili əsasən məişət dili kimi istifadə olunmuş, dövlət idarəçiliyində isə rus dili üstünlük təşkil etmişdir. Lakin buna baxmayaraq, maarif və mətbuat sahəsində Azərbaycan dilində nəşrlər, dərsliklər, bədii əsərlər yayılmağa davam etmişdir.
Sovet İttifaqı dövründə Azərbaycan dili rəsmi olaraq tanınsa da, faktiki olaraq rus dili ilə müqayisədə ikinci dərəcəli bir statusa malik olmuşdur. Dövlət idarələrində, ali təhsil müəssisələrində, elmi dairələrdə rus dili üstünlük təşkil etmiş, Azərbaycan dili isə yalnız müəyyən sahələrdə və məhdud çərçivədə istifadə olunmuşdu. Bu, milli kimlik və dilin gələcəyi üçün ciddi təhlükə yaratmış, bununla belə, milli mədəniyyətin bir hissəsi olaraq Azərbaycan dilinin qorunması və inkişafı üçün müəyyən addımlar atılmışdır.
Xüsusilə Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi bu sahədə dönüş nöqtəsi olmuşdur. Onun rəhbərliyi ilə 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında, Moskvanın ciddi təzyiqlərinə baxmayaraq, Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Bu tarixi hadisə həm dilin hüquqi statusunun möhkəmləndirilməsi, həm də onun təbliği və inkişafı baxımından mühüm mərhələ olmuşdur. Həmin dövrdə Azərbaycandilli məktəblərin sayında artım müşahidə olunmuş, təhsilin ana dilində aparılması təşviq edilmiş, dilin elmi şəkildə öyrənilməsi məqsədilə “Müasir Azərbaycan dili” seriyası nəşr edilmişdir. Eyni zamanda, Azərbaycandilli mətbuatın inkişafı və yayılması, milli ədəbiyyatın və publisistikanın dirçəlişi də bu siyasətin nəticələri sırasında yer almışdır.
Azərbaycan Respublikasının 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsi ilə dil məsələsi milli kimliyin əsas sütunlarından biri kimi daha da aktuallaşmış, dövlətçilik ənənələrinin bərpası, milli dəyərlərin dirçəldilməsi kontekstində ana dilinin hüquqi və faktiki statusunun müəyyənləşdirilməsi zərurətə çevrilmişdir. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsdiqlənmişdir. Bu, milli dövlət quruculuğu prosesində dilin aparıcı rolunu rəsmiləşdirmiş və onun ictimai həyatın bütün sahələrində istifadə olunmasını təmin etmişdir.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə dil siyasəti sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilmiş, dövlət orqanlarında, təhsil müəssisələrində, məhkəmə sistemində, KİV-lərdə və digər ictimai strukturlarda Azərbaycan dilinin istifadəsi normaya çevrilmişdir. Ana dilində danışmaq, yazmaq, təhsil almaq və fəaliyyət göstərmək vətəndaşların əsas hüquqlarından biri kimi tanınmışdır. Eyni zamanda, dilin normativ bazasının formalaşdırılması, orfoqrafiya qaydalarının yenilənməsi, terminologiyanın sistemləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. 2001-ci ildə qəbul edilən “Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə yeni bir mərhələnin əsasını qoymuşdur. Qanunda Azərbaycan dilinin dövlət dili kimi qorunması, inkişafı və dövlət idarəçiliyində istifadəsi ilə bağlı ətraflı müddəalar öz əksini tapmışdır. Bu qanun Azərbaycan dilinin müasir tələblərə cavab verən bir dil kimi inkişafını təmin etməyə yönəlmiş mühüm hüquqi sənəd olmuşdur.
Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dil siyasəti ardıcıl və məqsədyönlü şəkildə davam etdirilmişdir. Azərbaycan dilinin saflığının qorunması, ədəbi dil normalarına riayət olunması, KİV və internet məkanında düzgün dil istifadəsi məsələləri dövlət səviyyəsində diqqət mərkəzində saxlanılmışdır. Dövlət başçısının 2018-ci ildə imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dil siyasətinin təkmilləşdirilməsi haqqında” sərəncam bu sahədə mühüm addım olmuşdur. Həmçinin Azərbaycan dilinin informasiyalaşan cəmiyyətə inteqrasiyası, rəqəmsal platformalarda geniş istifadəsi üçün müxtəlif proqramlar və layihələr həyata keçirilmişdir.
Bu gün Azərbaycan dili təkcə dövlətin rəsmi dili deyil, həm də milli qürur və kimlik mənbəyidir. Onun inkişafı və təbliği ölkənin daxili və xarici siyasətində də əhəmiyyətli yer tutur. Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, mədəniyyət mərkəzləri və təhsil ocaqları vasitəsilə Azərbaycan dili yayılmaqda və tanıdılmaqdadır.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri