
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2025-ci ildə Çinin nüfuzlu “Sinxua” xəbər agentliyinə verdiyi müsahibə, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezidentin fikirləri bir neçə əsas istiqamət üzrə Azərbaycanın regional mövqeyini, beynəlxalq əməkdaşlıq strategiyasını və gələcəyə baxışını ortaya qoydu. Prezident İlham Əliyev müsahibədə xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsünün region üçün əhəmiyyətinə toxundu. O bildirdi ki, Azərbaycan bu qlobal layihədə aktiv iştirak edir və Çinin təşəbbüsü ilə həyata keçirilən bu layihə Avrasiya məkanında iqtisadi inteqrasiyanı sürətləndirmək gücünə malikdir. Prezident qeyd etdi ki, Azərbaycanın nəqliyyat infrastrukturu bu təşəbbüsə töhfə verəcək səviyyədə yenilənib və regional logistik mərkəz rolunu oynayır. Dövlət başçısı Çin və Azərbaycan arasındakı əməkdaşlıqdan danışarkən ikitərəfli münasibətlərin dərinləşməsinin Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğuladı. Hazırda ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri yüksələn xətlə inkişaf edir. “Sinxua”ya müsahibəsində Azərbaycan Prezidenti bu məsələyə toxunub və bildirib ki, Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.
Cənab prezident İlham Əliyev, həmçinin Cənubi Qafqaz regionundakı vəziyyət və sülh quruculuğu prosesinə dair fikirlərini də bölüşüb. O, Azərbaycanın sülhə sadiq olduğunu, lakin milli maraqlar və suverenlik məsələlərində güzəştə getməyəcəyini aydın şəkildə ifadə edib. Bununla yanaşı, razılaşdıq ki, əməkdaşlığı gələcəkdə də genişləndirək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edək. Birlikdə bəyan etdik ki, strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Birgə Bəyannamədə, həmçinin təsdiq etdik ki, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq. Bəyannamənin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Azərbaycan və Çin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, daxili işlərə qarışmamaq və dinc-yanaşı yaşamaq prinsiplərinə sadiqdir. Bu prinsiplər əsasında iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri qurulub. Müsahibədə Prezident İlham Əliyev iki ölkə arasında yüksək səviyyəli səfərlərin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O, ÇXR-in Sədri Si Cinpini Azərbaycana səfərə dəvət etdiyini və bu səfərin dövlətlərarası münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə inandığını bildirib. Eyni zamanda, Çin ilə Azərbaycanın beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətini və regional sülhün təşviqində birgə səylərini xüsusi qeyd edib.Azərbaycan dünya siyasətində söz sahibi olan ölkələrdən birinə çevrilməkdədir. Prezident İlham Əliyevin verdiyi mesajlar təkcə Çinə deyil, bütün beynəlxalq ictimaiyyətə ünvanlanmış önəmli çağırışlar idi.
Azərbaycanla Çin arasında nəqliyyat sektorunda əməkdaşlığın genişlənməsi diqqətəlayiq haldır. Çində Azərbaycan üzərindən keçən dəhlizlərin önəmi yüksək dəyərləndirilir. Bu ölkə 10 il bundan əvvəl Avrasiyada infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” layihəsini elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub.
Sonda prezident İlham Əliyev Azərbaycanın beynəlxalq münasibətlərdə balanslı, müstəqil və çoxşaxəli siyasət yürütməkdə davam edəcəyini, Çinlə dostluq münasibətlərinin isə qarşıdakı illərdə daha da inkişaf edəcəyinə inandığını vurğuladı. Bu müsahibə, Azərbaycanın beynəlxalq aləmdə sabit, etibarlı tərəfdaş kimi imicinin daha da möhkəmləndirilməsinə xidmət etdi.
İlahə Abdullazadə,
Pirşağı qəsəbəsi,112 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi