AnalitikaGündəm

Azərbaycan dünyanın aparıcı enerji təchizatçısıdır

Beynəlxalq münasibətlər sistemində önəmli rola malik olan Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərini uğurla davam etdirir. Milli maraqları çərçivəsində dünya ölkələri ilə əməkdaşlığa diqqət yetirərək, xarici siyasətini bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət və daxili işlərə qarışmamaq prinsipi üzərində qurub. Yeni dövrdə qlobal arenada etibarlı tərəfdaş kimi qəbul olunub və mövcud problemlərin həllində fəal mövqeyini nümayiş etdirir. Müasir dünyanın üzləşdiyi ziddiyyətli proseslərə töhfələr verir. Azərbaycan müstəqil dövlət kimi, sülhsevər siyasət yürüdən etibarlı tərəfdaşa çevrilib. Azərbaycanın dünya dövlətləri, eləcə də üzv olduğu beynəlxalq təşkilatlarla tərəfdalışlıq əlaqələri ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun ifadəsidir.

Azərbaycanın Cənubi Qafqazın, eləcə də ətraf regionların iqtisadiyyatının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış edir. Regionda yeni reallıqlar yaradan ölkəmizin geosiyasi mövqeyi onun regional əməkdaşlıq, sabitlik və inkişaf üçün genişmiqyaslı təşəbbüslər irəli sürməsinə imkanlarını daha da artırır. Sözsüz ki, ölkəmizin Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təsisatlarla sıx əlaqələr qurması, dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə uzaqgörənliklə yanaşması Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin məntiqidir. Təkcə cari ilin iyul ayı ərizində Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra dövlətlərə səfərləri və beynəlxalq tədbirlərdə çıxışı dövlət başçısının nüfuzunun və ona olan etimadın təzahürüdür. Azərbaycan Prezidentinin Astana səfəri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirdiyi görüşlər, Çinlə imzalanan strateji tərəfdaşlıq sazişi, Astanada Rusiya Prezidenti ilə görüşü, Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlıq, BRICS-lə münasibətlərin güclənməsi uğurlu və məqsədyönlü siyasətinin göstəricilərindəndir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərəyə işgüzar səfəri də ölkəmizin nüfuzu və əməkdaşlıq imkanlarının genişləndirilməsi, beynəlxalq əlaqələrimizin daha da dərinləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı səsləndirdiyi fikirlər dövlətimizin enerji siyasətinin uğurlarını və etibarlı tərəfdaş kimi önəmli rola malik olmasını bir daha nümayiş etdirdi. Azərbaycan müasir dövrümüzdə enerji layihələrinin etibarlı təchizatçısıdır. Dövlətimizin başçısı çıxışı zamanı “2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq”, – deyərək ixracın yarıdan çoxunun Avropaya getdiyini diqqətə çatdırıb. Bu statistik rəqəmlər görülən işlərin miqyasının ifadəsidir. Artıq Azərbaycanın təbii qazını səkkiz ölkə alır və onlardan Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya kimi dövlətlər Avropa İttifaqının üzvüdür. Dövlət başçısının sözlərinə əsasən, “İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş nazirlə müzakirə etdik ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik”. Zəngin neft və qaz ehtiyatlarına malik Azərbaycan enerji ehtiyatlarından çox səmərəli şəkildə istifadə edir. Ölkəmizin dünya dövlətləri ilə iqtisadi əlaqələrində neft-qaz sahəsində əməkdaşlıq mühüm yer tutur. “Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır” – deyən Prezident bunun çox böyük məsuliyyət olduğunu söyləmişdir. Azərbaycan təkcə Avropanı 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcəkdir. Odur ki, Azərbaycan enerji ehtiyatlarının ixracında dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı bir strateji tərəfdaş kimi qiymətləndirilir.

Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin Cənubi Qafqazın geostrateji təhlükəsizliyini daha da gücləndirir. “Bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik” – deyə bildirən Prezident diqqətə çatdırıb ki, indi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik. Azərbaycanın xam neftinin istehlakı bəzi dövlətlərin tələbatının 50 və ya daha çox faizini təşkil edir. Artıq ölkəmiz üç ildən çoxdur ki, mühüm qaz təchizatçısına çevrilib. “Bizim qaz kəmərimiz – Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Sözsüz ki, müqavilələr bundan əvvəl imzalanmışdı və biz avropalı tərəfdaşlarımızı dərhal təchiz etməyə başladıq. Bundan əvvəl bizim tərəfdaşlarımız yalnız Gürcüstan və Türkiyə idi. Beləliklə, qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi – Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”, – deyə Prezident vurğulayıb.

Müstəqil siyasət yürüdən Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir və bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinin təmin olunmasında fəal rola malikdir.

Güləddin Dadaşov,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Oxşar Xəbərlər

Back to top button