Analitika

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonasıdır

Ölkəmiz qısa müddətdə  elektrik enerjisinın idxalçısından  ixracatçısına çevrilib. 1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan bu gün artıq dörd ölkəyə elektrik enerjisi  ixrac edir.  Prezident İlham Əliyev ölkəmizin bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacağını bəyan edib. Bərpaolunan enerji növlərinin inkişafı  da   həmin məqsədə yönəldilib.  Bu  istiqamətdə  böyük planlar tərtib olunub və genişmiqyaslı işlər görülür.

Bərpaolunan enerji növlərinin  inkişafı  ənənəvi enerji növlərinin inkişafı ilə bilavasitə bağlıdır. Odur ki,  bütün  dünyada bərpaolunan enerjidən istifadə getdikcə  özünə daha geniş yer alır. Azərbaycanda da bu məsələyə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki  bərpaolunan enerji sahəsinin inkişafı üçün ölkəmizdə  əlverişli şərait mövcuddur. Bu növ enerjinin yaradılmasının əsas mənbəyi günəş və küləkdir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun relyefi, külək, günəş, su ehtiyatları imkan verir ki, Azərbaycan öz təbii sərvətləri hesabına bərpaolunan və “yaşıl enerji” zonası  yaratsın. Qeyd edək ki, bu istiqamətdə çox böyük layihələr hazırlanır və icra edilir. Azərbaycan öz təbii sərvətlərinin həcminə və həm də etibarlılığına görə Avropanın enerji körpüsünə çevrilir.

İqtisadi gücü və yeni texnologiyaların tətbiqi sayəsində respublikamız  enerji idxalçısından etibarlı ixracatçı ölkə kimi dünyanın diqqətini cəlb edir. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası” elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək bildirib ki, azad edilmiş ərazilər “yaşıl enerji” zonasına çevriləcək.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çox müşahidə olunur. Hər iki bölgədə mövcud olan Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas  və digər kiçik çaylar böyük hidroenerji potensialına malikdir. Həmçinin, ilkin təhlillərə əsasən Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.

Müasir dünyada günəş enerjisi bərpaolunan enerjinin ən perspektivli və ən böyük potensiala malik olan növü hesab olunur. Günəş enerjisindən elektrik enerjisi əldə etmək məqsədilə günəş panellərindən, istilik və isti su təminatı üçün isə günəş kollektorlarından istifadə edilir. Günəş enerjisi texnologiyaları yaşıl siyasətlə bağlı müxtəlif beynəlxalq tədbirlərdə və yeni layihələrdə fəal iştirak edən Azərbaycanda yaşıl enerji istehsalı və ixracını artırmaq üçün mükəmməl hədəflər müəyyən edilib. Məhz buna görə də günəş və külək enerji istehsalını yaratmaq üçün bu sahəyə investisiyalar cəlb olunur, yaşıl zona üçün lazımi texnologiyaların tətbiqi həyata keçirilir. Gələcək naminə icra olunan layihələr içərisində alternativ və bərpa edilən enerji mənbələrindən istifadə mühüm yer tutur. Qeyd edək ki, dünyada  enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, biokütlə enerjisi) geniş istifadə olunur.

Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda da ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Məhz buna görə də ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb.

2022-ci il mayın 3-də Prezidentimiz İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” çox mühüm sərəncam imzalayıb. Fərəh hissi ilə bildirək ki, həmin Sərəncam uğurla icra olunur. Belə ki, işğaldan azad edilən ərazilərdə hazırda 7 stansiyanın inşası gedir və bütövlükdə regionda 50-yə yaxın su elektrik stansiyası yaradılacaq. Cəbrayılda isə Günəş Elektrik Stansiyasının tikintisinə başlanılıb. Qeyd edək ki, 2022-ci ilin 26 may tarixində Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji layihəsi çərçivəsində 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağının da  təməli qoyulub. 2030-cu ilədək ölkəmizin elektrik enerjisi üzrə qoyuluş gücündə “yaşıl enerji”nin payının 30%-a çatdırılması nəzərdə tutulur. 470 meqavatlıq külək və günəş elektrik stansiyalarının təməlinin qoyulması və 240 MVt gücündə daha bir günəş elektrik stansiyası layihəsinin reallaşdırılması üçün müqavilələr imzalanıb.

2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasda dövlətimizin başçısı İlham Əliyev Azərbaycanda, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda mövcud olan enerji mənbələri haqqında ətraflı məlumat verərək bildirib ki, bu gün imzalanacaq “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası Avropanın enerji təhlükəsizliyinə verəcəyimiz ümumi töhfə olacaqdır. Bu Saziş “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır. Bu ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq və biz həmin sənədin icrasına artıq başlamışıq. Ötən il Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard, bu il isə 11,3 milyard kubmetrdir. Növbəti il onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. Gələn il Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün 2021-ci ildə o, 19 milyard kubmetr təşkil edirdi. Beləliklə, Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində  videoformatda çıxış edərkən  ölkəmizdə bərpaolunan enerjinin  inkişafına böyük  diqqət göstərildiyini bir daha  vurğulamışdır: “Növbəti 3-4 il ərzində ümumi gücü 700 meqavat təşkil edəcək 3 külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanıb. Layihələrdən biri 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək. Bu 240 meqavat gücündə günəş elektrik stansiyası Azərbaycanın azad olunmuş ərazilərində ən böyük birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacaqdır. Mən digər beynəlxalq enerji şirkətlərini də Azərbaycanın azad olunmuş ərazilərində yaşıl enerji layihələrinə sərmayə qoymağa dəvət edirəm.”

Dövlətimizin başçısı Qarabağı və Şərqi Zəngəzuru  yaşıl enerji zonası elan etdiyini xatırladaraq bildirmişdir ki, Azərbaycanın azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi   potensialı var. Bu bölgələrin bərpaolunan enerji istehsalı üçün imkanları çox genişdir. Belə ki, Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Həmin ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə potensialın daha dəqiq hesablanması həyata keçiriləcək. Bu yerlərdə  eləcə də külək enerjisi istehsal etmək mümkün olacaq. Çünki   regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə bu sahənin də dəqiq potensialı hesablanacaq.

Bunlardan əlavə, Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Qarşıda dayanan vəzifələrdən biri də termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir. Beləliklə, işğaldan azad olunmuş ərazilərimiz  “yaşıl enerji” zonasına çevrilir. Əslində, bu regionda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək “yaşıl zona”, yaxud “yaşıl məkan” konsepsiyasının hazırlanmasına hələ Vətən müharibəsindəki şanlı qələbəmizdən az sonra başlanmışdır. Bu il mayın 3-də isə Prezident “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır. Dövlət başçısı bu ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılmasını qərara almışdır.

Bu gün dünyanın ən böyük enerji şirkətləri də Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İşğaldan azad edilmiş ərazilərimizdə  “yaşıl enerji”  zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır. Bir sözlə, bu rayonları “yaşıl enerji” məkanına çevirmək  üçün   imkanlardan səmərəli   istifadə  olunur .  Bu   da deməyə əsas verir ki, həmin  istiqamətdə  görülən işlər  ölkəmizin   daha böyük  sosial-iqtisadi inkişafına xidmət edəcək.

Qasımov Ayməddin,
Xəzər rayonu, 92 №li məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button